“Doing Business 2020”də Azərbaycan üzrə qəbul edilməsi gözlənilən islahatların - SİYAHISI
“Doing Business 2020” hesabatında qəbul edilməsi gözlənilən islahatların siyahısı məlum olub.
ENA.az xəbər verir ki, islahatlar ümumilikdə 11 indikatoru əhatə edir.
Bu indikatorlar “Biznesə başlama”, “Tikinti üçün icazələrin alınması”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Əmlakın qeydiyyatı”, “Kreditlərin alınması”, “Kiçik investorların hüquqlarının müdafiəsi”, “Vergilərin ödənilməsi”, “Sərhəddə ticarət”, “Müqavilələrin icrasının təmin edilməsi”, “Müəssisənin müflisləşməsi” və “Dövlət satınalmaları”dır.
“Biznesə başlama” indikatoru çərçivəsində hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə həyata keçirilən dəyişikliklər çərçivəsində iki əsas islahatların “Doing Business 2020” hesabatında qəbulu ehtimalı yaranıb. Bu islahatlardan birincisinə görə, prosedurların sayı 3-dən 1-ə azalacağı gözlənilir, ikincisində isə günlərin sayı 3,5-dən 0,5-ə azalacağı gözlənilir. Xərclərə gəldikdə isə 18 manatdan (ümumilikdə 90 manatdır) 0 AZN-ə azalacağı gözlənilir.
“Tikinti üçün icazələrin alınması” indikatoru üzrə aparılan islahatlar nəticəsində prosedurların sayı 18-dən 7-ə azalacağı gözlənilir. Həmçinin günlərin sayı 116-dan 38-ə azalacağı ehtimal edilir. Bundan əlavə xərclərin də 6 566manatdan 3 345 manata azalacağı proqnozlaşdırılır.
Dünya Bankının müəyyən etdiyi “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə də prosedurların sayının 7-dən 2-ə azalacağı, günlərin sayının isə 41 gündən 20 günə azalacağı gözlənilir.
“Əmlakın qeydiyyatı” indikatoru üzrə aparılmış islahatlar nəticəsində prosedurların sayının 3-dən 2-ə azalacağı, günlərin sayının isə 5,5 gündən 2,5 günə azalacağı ehtimal olunur.
“Kreditlərin alınması” indikatoru çərçivəsində normativ hüquqi aktlar arasında uyğunluq təmin edilib və bununla da “Doing Business” metodologiyasına əsasən "Hüquqi norma" indeksi ilə bağlı mənfi dəyərləndirilən 4 sual üzrə müsbət qiymətləndirmənin olması gözlənilir.
“Kiçik investorların hüquqlarının müdafiəsi” üzrə normativ hüquqi aktlar arasında uyğunluq təmin ediləcək və bununla da “Doing Business” metodologiyasına əsasən mənfi dəyərləndirilən 10 sualdan 5-i üzrə müsbət qiymətləndirilməsi gözlənilir.
“Vergilərin ödənilməsi” indikatoru çərçivəsində vergi dərəcəsinin azalacağ, ərizələrin elektron olaraq təqdim edilməsi ilə vaxta qənaət ediləcəyi gözlənilir.
“Sərhəddə ticarət” indikatoru üzrə yoxlama mexanizminin azalması və vahid nəzarət mexanizminin formalaşdırılması ilə sahibkarın vaxtına qənaət ediləcək və vaxtın azalması gözlənilir.
“Müqavilələrin icrasının təmin edilməsi” indikatoru çərçivəsində məhkəmə işinin idarə edilməsi ilə bağlı vaxt standartları müəyyən edilib və “Doing Business” metodologiyasına əsasən vaxt indeksində irəliləyişin əldə ediləcəyi gözlənilir. Həmçinin “Doing Business” metodologiyasına əsasən məhkəmə proseslərin keyfiyyət indeksində 8,5 bal irəliləyişin əldə ediləcəyi ehtimal edilir.
“Müəssisənin müflisləşməsi” indikatoru üzrə hərracların keçirilməsi üzrə vaxta qənaət edilir və indikatorun vaxt indeksində irəliləyişin olacağı, müflisləşmə üzrə qanunvericiliyin keyfiyyət indeksində mənfi olaraq dəyərləndirilən iki sualdan 1-i üzrə müsbət qiymətləndirmənin olması gözlənilir.
“Dövlət satınalmaları” indikatoru çərçivəsində isə “Doing Business” metodologiyasına uyğunluq təmin edilərək dövlət satınalmaları üzrə vahid internet portalı formalaşdırılacaq və elektron satınalma modeli yaradılacaq.
Qeyd edək ki, “Doing Business” hesabatı hər il oktyabr ayının ikinci yarısında açıqlanır. Sonuncu “Doing Busines 2019” hesabatına görə, Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.