Fiziki şəxs vergiödəyicilərinin ünvanları açıqlana bilərmi? - NAZİRLİKDƏN AÇIQLAMA
Vergiödəyicisi olan fiziki və ya hüquqi şəxslərin fəaliyyəti və hüquqi ünvanları barədə məlumatları necə əldə etmək olar?
ENA.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, fiziki şəxslərin ünvanları barədə məlumatlar Vergi Məcəlləsinin 30-cu maddəsinə uyğun olaraq, kommersiya (vergi) sirrini təşkil etdiyinə görə, vergi orqanının baza məlumatlarından hər hansı formada belə məlumatlar verilmir.
Kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Eyni zamanda, dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.
Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 7 iş günü müəyyən edilib.