"Bazar araşdırılır, harada zərurət varsa, orada da bu mexanizm tətbiq edilir" - MÜSAHİBƏ
ENA.az Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevlə müsahibəni təqdim edir
- Azərbaycan mallarının xarici bazarlara çıxışının genişləndirilməsi üçün yerli şirkətlərə yeni imtiyazların verilməsi nə dərəcədə mümkündür və bu sahədə hansı işlər görülür?
- Azərbaycan məhsullarının ixracı üçün dövlət tərəfindən çox münbit şərait yaradılıb, ixracın təşviqi istiqamətində böyük həcmdə işlər görülüb. Dövlət başçısının müvafiq fərmanları ilə təsdiq olunan və beynəlxalq praktikada tətbiq edilən ixracın təşviqi mexanizmlərindən ixracatçılarımız geniş istifadə edirlər. Şirkətlərin ixrac missiyalarında, beynəlxalq sərgilərdə iştirakı təmin olunur, qeyri-neft məhsullarının ixracının təşviqi üçün vəsait ödənilir. Artıq son 3 il ərzində Azərbaycan şirkətlərinə dövlət vəsaiti hesabına 13 milyon manatdan çox ixrac təşviqi ödənilib.
Bununla yanaşı, şirkətlərin sifarişi ilə bazar araşdırmaları aparılır. Yəni, bir şirkət hər hansı bazara məhsul ixracında maraqlıdırsa, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) sifariş verir və AZPROMO dövlət vəsaiti hesabına araşdırma aparır, bazarın tələbatı, keyfiyyət üzrə tələbləri öyrənilir, standartlar haqqında məlumatlar dəyərləndirilir və şirkətlərə bu barədə məlumat verilir.
Eyni zamanda qeyd edim ki, ixrac olunan məhsullarımız vergiyə cəlb olunmur və ixrac gömrük rüsumlarından azaddırlar.
Bundan başqa, ixrac prosedurları asanlaşdırılıb, ixracda “yaşıl dəhliz” buraxılış sistemi tətbiq olunur və ixracatçı şirkətlər bu sistemdən istifadə edərək qısa müddətdə öz məhsullarını xarici bazarlara ixrac edə bilirlər.
Qeyd edim ki, Azərbaycan hökuməti yerli məhsullarımızın ixrac bazarları hesab olunan ölkələrlə çox ciddi iş aparır. Biz istəyirik ki, Azərbaycan istehsalçılarının uzunmüddətli perspektivdə həmin bazarların tələbatı haqqında məlumatları olsun ki, məhsulların istehsalını daha ciddi hesablamalara əsaslanaraq təşkil etsinlər və əvvəlcədən bu bazarların tələbatı barədə məlumatlı olsunlar.
- Azərbaycandan Rusiyaya əsasən hansı məhsullar ixrac olunur?
- Bildiyiniz kimi, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkələrimiz arasında ticarət əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verilir. Təsadüfi deyildir ki, Azərbaycanın xarici ölkələrdəki ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Ölkələrimiz arasında ticarəti aparılan mal çeşidləri genişdir. Belə ki, 2018-ci ildə 3405 mal növü üzrə ticarət əməliyyatları aparılıb. Ötən il Azərbaycandan Rusiyaya 619,2 milyon ABŞ dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da Azərbaycanın ümumi qeyri-neft ixracının təxminən 37 faizini təşkil edib. Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi bazardır və bu ölkəyə ixracda kənd təsərrüfatı məhsulları xüsusi yer tutur. 2018-ci ildə qeyri-neft ixracında kənd təsərrüfatı və emalı məhsullarının payı 87 faiz olmaqla 540 milyon ABŞ dolları təşkil edib. İxrac olunan əsas kənd təsərrüfatı məhsulları sırasında meyvə (xurma, fındıq, albalı, alma), tərəvəz (pomidor, kartof, soğan, xiyar), pambıq iplik və parçalar, şərab və digər spirtli içkilər, meyvə şirələri, meyvə-tərəvəz emalı məhsulları, çay və s. göstərmək olar.
Bundan başqa, Rusiyaya sənaye məhsullarımız da ixrac olunur və ixracda kimya sənayesi məhsulları, alüminium, nasos-kompressor boruları, polietilen qablaşdırma məhsulları və s. üstünlük təşkil edir.
Qeyd edim ki, Rusiyanın aidiyyəti orqanları ilə mütəmadi olaraq ixracın artırılması ilə bağlı müzakirələr aparılır və məlumatlar əldə edilir. Bu məlumatlardan yerli istehsalın və ixracın təşviqi məqsədilə aparılan təhlillər zamanı istifadə olunur. Bu yaxınlarda da Rusiya höküməti ilə danışıqlar aparılıb. Məqsədimiz müəyyən etməkdir ki, qarşıdakı illərdə Rusiya bazarında hansı məhsullara daha çox tələbat olacaq ki, bu istiqamətdə istehsalçıların istehsalını təşviq edək.
- Azərbaycanın ticarət evləri məhsullarımızın tanınmasında və ixracın genişlənməsində yeni mexanizmdir...
- Tamamilə doğrudur. Ticarət evləri Azərbaycan məhsullarının ixracının təşviqinin bir komponentidir. İxracın genişləndirilməsində ticarət və şərab evlərinin rolu böyükdür, onlar Azərbaycan şirkətlərinə dəstək göstərirlər. Artıq Latviya, Belarus, Ukrayna, Polşa, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində ticarət evləri fəaliyyət göstərir və bu praktikanı gələcəkdə də davam etdirəcəyik.
Qeyd edim ki, ticarət evləri yaradılmamışdan əvvəl təhlillər aparılır, bazar araşdırılır, harada zərurət varsa, orada da bu mexanizm tətbiq edilir. Hazırda Rusiyanın bir sıra şəhərlərində, eləcə də BƏƏ-də, Çində və Qazaxıstanda ticarət və şərab evlərinin yaradılması işləri aparılır.
Bundan başqa, Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır.
Azərbaycanın xarici ölkələrdə maraqla qarşılanan məhsullarından biri də şərabdır. Hazırda şərablarımız Rusiyada uğurla satılır. Biz istəyirik ki, yeni bazarlara da çıxaq. Bu baxımdan Çin bazarı bizim üçün cəlbedicidir və Çində artıq Azərbaycanın bir neçə şərab evi açılıb. Çində Azərbaycan şərablarına böyük maraq göstərilir və inanıram ki, Çin bazarında şərablarımiz daha çox satılacaq.
Məlumdur ki, ixracın strukturunda da şaxələndirmə siyasəti aparılır. Avropa bazarlarına da ixracı genişləndirmək lazımdır. Hesab edirik ki, aparılan işlər nəticəsində tədricən orada da bizim məhsullar, xüsusilə şərablarımız öz layiqli yerini tutacaq. Rusiya bazarı ilə yanaşı, Çin, Avropa və digər bazarlar şərablarımızın satışı baxımından bizim üçün maraqlıdır.