MKR-də çıxmayan kreditlərin “hekayəsi”: Həmin banklara qarşı tədbir görməlidir
Prezidentin problemli kreditlərlə bağlı fərmanı kredit təşkilatlarındakı “qaydasız və bəzən qanundan kənar kreditlər”i də üzə çıxartdı və bu proses özüylə maraqlı məsələlərin üstünü də açdı. Belə ki, bankların verdiyi bəzi kreditlər Mərkəzi Kredit Reyestrində tapılmadı, bəzi kredit tarixçələri isə reyestrdə olduğu halda, bankda “yoxa çıxdı”.
Problem təkcə bundan ibarət deyil...
ENA.az xəbər verir ki, bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatasının apardığı sistemli işlər bu “qanundan kənar kredit oyunları”nın üzə çıxmasına imkan yaratdı.
2015-ci ilə qədər bəzi kommersiya bankları tərəfindən statistik məlumatların doğru aparılmadığı üzə çıxdı. Məlum oldu ki, bankların bir qismi kredit müqaviləsi bağlamalarına baxmayaraq, həmin müqaviləni mərkəzləşmiş reyestrə salmayıblar.
Bu hələ nədir ki, bəzi hallarda kredit müqaviləsində şəxsin adı ilə “şəxsiyyət vəsiqəsi”ndəki məlumatlar üst-üstə düşmür. Şablon olan müqavilənin hazırlanması və əvvəlki məlumatların təkrar-təkrar istifadəsi halları var.
“Bu proses eyni zamanda bir sıra banklarda kreditləşmənin şəffaf mexanizmlə həyata keçirilmədiyini ortaya çıxartdı”, -deyən ekspert Vüqar Bayramov Azərbaycanda müflis olan banklarla bağlı hadisələrə diqqət çəkdi.
O zamanda məlum oldu ki, bir sra kommersiya banklarının hesabatlarındakı məlumatlar doğruluğu əks etdirmir. Bu birbaşa bəzi banklarda şəffaf idarəetmənin olmadığını göstərir. Bütün hallarda kommersiya bankı məlumatları Mərkəzləşmiş Kredit Reyestrinə ötürməlidir.
V.Bayramov: “Problem təkcə bundan ibarət deyil, bu proseslər nəticəsində banklarda ciddi nöqsanlar üzə çıxdı. Fərmanın digər müsbət tərəflərindən biri də budur ki, kommersiya banklarında xüsusən də kreditlərin qeydiyyatı, real məlumatların, hesabatların və statistik məlumatların bazaya daxil edilməsi ilə bağlı işlərin qaydaya salınmasına imkan yaratdı”.
27 min vətəndaşımız kompensasiyanı niyə almayıb?
Etiraf etmək lazımıdr ki, qısa bir müddətdə Maliyyə Bazarlarına Nəzarət Palatası işin öhdəsindən gələ bildi. Nəticə etibarilə 600 minə yaxın vətəndaşımız kompensasiya aldı, artıq kreditlərin restruktrizasiya başlayıb.
Ekspertin sözlərinə görə, 27 min vətəndaşımız kompensasiyanı almayıb və güman olunur ki, onların həmin pulu almamasının səbəbləri sırasında ölkədə olmamaları, vərəsəlik məsələlərinin ortaya çıxması kimi nüanslar var. Fərmanın icra müddəti 2019-cu ilin sonuna qədərdir və ilin sonuna qədər kompensasiyanı almayanların sayında azalma gözlənilir.
Heç kəs görməsin ki, mən nə qədər kredit verdim
Hüquqşünas Əkrəm Həsənov ilə söhbətimizdə kredit müqavilələri barədə məlumatıların mərkəzi kredit sisteminə daxil edilməsinin səbəbləri və bunun yaratdığı qanuni məsliyyət ilə bağlı danışdıq. Ə.Həsənov bildirdi ki, bu qanunun tələbidir və məlumatların reyestrdə olmaması birbaşa qanun pozuntusudur.
“Maliyyə Bazarlarına Nəzarət Palatası həmin banklara qarşı tədbir görməlidir. Amma bu heç bir halda müqavilənin etibarsızlığına təsir göstərmir. Borcalan deyə bilməz ki, sən MKR-a məlumat verməmisən, borcunu qaytarmıram. Sistemə vurulmamasında bank işçisinin günahı varsa, cəzalandırılmalıdır. Ola bilər ki, bank bunu bilə-bilə edib. Əgər bir bank üzrə belə hallar çoxdursa, o deməkdir ki, bank gəlirlərini gizlətmək üçün məlumatları açıqlamayıb. Yəni, heç kəs görməsin ki, mən nə qədər kredit verdim, faiz, komissiya gəliri əldə etdim və təbii ki, vergidən gizlənsinlər”.
“Bu artıq filial rəhbərinin özünün şəxsi biznesidir, birindən alır, o birinə verir”
Hüquqşünas hesab edir ki, bir bankın hansısa filialında belə hallar daha çox qeydə alınırsa, bu artıq cinayət işinin qaldırılması ilə nəticələnməlidir.
“Və təəssüf ki, Azərbaycanın bank sektorunda filial müdiri olmaq, baş ofisdə işləməkdən “prestij vəzifə” hesab edilir. Düzdür, bu sistemli banklarda belə deyil, ancaq əksər banklarda hələ də filial müdiri vəzifəsinin nüfuzu daha yüksəkdir. Filial rəhbərləri hesab edirlər ki, gözdən uzaqdırlar və orada min cür oyundan çıxırlar. Amma dediyim kimi, hər bankda belə deyil. Banklar var ki, onların filiallarının müstəqilliyi çox azdır və bu cür hərəkərlətin baş verməsi mümkün deyil. Banklarımız var ki, filiallar baş ofisə tabe deyil və orada belə hallar çox olur. Kredit bir yana, banklar var ki, əmanət qəbul edib, onu rəsmiləşdirmir. Bu artıq filial rəhbərinin özünün şəxsi biznesidir, birindən alır, o birinə verir”.
Hüquqşünasın dediyi sonuncu hala nümunə olaraq, “Dəmirbank”ın filiallarından birinin məhkəmə işini xatırlatmaq kifayətdir.
Beləliklə, banklarda sistemli idarəetmənin qurulması və onların dayanıqlığı baxımından tənzimləyici qurumların irəli sürdüyü tələbləri bəzi ekspertlər kredit təşkilatlarının müstəqilliyinin məhdudlaşdırılması kimi qəbul etsələr də, ortaya çıxan problemlər bu tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərdi.