Bank

Azərbaycan manatını hecləşdirmək üçün 10-15 faiz marja istəyirlər- BANKİRLƏ MÜSAHİBƏ

“AccessBank” bu ilin birinci rübündə reallaşdırdığı kapital artımından sonra tam xarici kapitallı bank kimi müştərilərdə yenidən maraq oyatdı. Bu özünü banka depozit yatırımlarının həcmində də göstərdi. Bankın bazardakı hazırki tendensiyalar və bəzi göstəricilər üzrə vəziyyəti, islahatlara yanaşması, sektordan gözləntiləri barədə ENA.az-ın suallarını İdarə Heyətinin sədri Anar Həsənov cavablandırdı. 

-    Anar bəy, Vergi və Gömrük Məcəlləsinə edilən dəyişikliklərdən sonra bank sistemində nə baş verdi? Sektora müsbət və mənfi təsirləri oldumu? 

-    Biz bu dəyişiklikləri ilk növbədə korporativ müştərilərin hesablarındakı  həm ümumi dövriyyə, həm də vergi və gömrüklə əlaqədar ödənişlərin sayının artmasında görə bilərik. Məncə bu çox gözəl bir nümunədir və onu göstərir ki, dəyişikliklər öz nəticəsini verir. Və biz öz daxili strategiyamızı ona uyğunlaşdırmışıq ki, getdikcə rəsmi dövriyyənin artması müşahidə olunacaq. Yəqin ki, hər bir islahat özünün keçid dövrünü yaşamalıdır, bazarda da bu yeniliklərin tam olaraq qəbul olunması üçün vaxt lazımdır. Müştərilərimiz, sahibkarlar nə qədər tez dəyişiklikləri və islahatları qəbul etsələr, bu bizim iqtisadiyyatın dəyişməsinə, dinamikasına bilavasitə təsir edəcək. 

- Siz dediniz ki, müştərilərin dövriyyəsində artım var, bəs say baxımından hesablarda necə artım müşahidə edilirmi? 

-Ciddi artım var. Onu deyə bilərəm ki, müştərilərimizin işçilərinə verdiyi maaş kartlarının sayı, dövriyyəsi baxımından belə böyük artım görünür. Şirkətlərin rəsmi dövriyyələrində olan vəsaitlər müqayisədə 10-20 faizlə deyil, dəfələrlə yüksəlib.  Əvvəllər müştəriləri banklara inandırmaq üçün çox vaxt itirirdik. Hazırda isə müştərilər özləri bank seçirlər. Ümumiyyətlə qiymət versək, bu, bank sektorunun nailiyyətindən çox aparılan islahatların nəticəsidir.  

- Sizin Rusiyalı həmkarınız, söhbət VTB Azərbaycandan gedir, təklif edir ki, əmanətlərin cəlbedilməsində maksimallar əmanət faizləri üzrə deyil, əmanət məbləğləri üzrə formalaşdırılmalıdır.

- Depozitlərin belə sürətlə artması ümumi iqtisadiyyatda stabilliyin göstəricisi və depozitlərin tam həcmdə sığortalanmasının bir il daha uzadılmasının nəticəsidir. Razıyam ki, müştərilər ilk banka baxırlar, ancaq yenə də fikrləşirlər ki, banka nəsə olsa dövlət mənim depozitimə zəmanət verir. Məncə əmanətlərin tam həcmdə sığortalanması ilə bağlı bu qərarın vaxtının uzadılması tam yerində verilmiş bir qərar idi. Faiz dərəcələrinə gəldikdə, mənim şəxsi qənaətimə görə buna yenidən baxmaq olar. Biz getdikcə daha çox müştərilər, dövlət qurumları tərəfindən mesajlar alırıq ki, kredit faizləri azaldılsın. Ancaq mövcud kredit faizini bankın sırf gəliri kimi qiymətləndirməyin. Kredit faizlərinin içərisində pulun maya dəyəri, risk faktoru, əməliyyat dəyəri var. İnandırım sizi, risk faktoru və əməliyyat mənfəəti o qədər də böyük pay təşkil etmir, əsas pulun maya dəyəridir. “AccessBank”da manat depozitlərinin ortalama faiz dərəcəsi 9,5-10 faiz civarındadır. Bəzi banklar bildirir ki, 13 faizlə depozit götürürlər. Əgər sən manatı 13 faiz ilə götürürsənsə, onun üstünə də  əlavə xərcləri gəlib, neçəyə satmalısan ki, gəlir də əldə edəsən? Ona görə də kredit faizlərinin düşməsi üçün depozit faizləri düşməlidir. Elə banklar var ki, kredit portfelinin 10 faizini itirmə riski daşıyırlar, “AccessBank”da bu göstərici 2-3 faiz civarındadır. 

- Eyni zamanda kredit faizlərində səhmdar gəliri də nəzərə alınmalıdır, deyəsən bu, 3-4 faiz təşkil edir...

 - Səhmdar gəliri o qədər də əsas məsələ deyil və öz bankımız adından deyə bilərəm ki, kredit faizində bu, elə böyük həcmdə deyil. Kiçik kreditlərdə adətən faizlər yüksək olur, böyük və orta kredit məbləğlərində hazırda rəqabət 14-15 faiz arasında gedir. Bu isə pulun maya dəyəri ilə müqayisədə çox yaxın bir göstəricidir. Ancaq faiz dərəcəsini hesablayanda, gəlin biz gəlirə də baxaq. Tutaq ki, bir illik 1000 manatlıq kredit veririk. Hesablayanda belə çıxır ki, müştəri 1000 manatın üstündə bir ildə təxminən 100 manat banka gəlir verir. Axı min manat götürən kiçik sahibkardır, onun banka təqdim etmək üçün audit yoxlaması yoxdur. Biz öz işçimizi rayona göndəririk, fermer təsərrüfatına baxır, hesablayır və bu kredit ertəsi gün rəsmiləşdirilir. Həmin 1000 manatlıq kredit portfelini yığan işçinin əmək haqqını, nəqliyyat xərcləri hesablanır, kredit komitəsinin iclası keçirilir və bunlar hamısı bankların xərclədiyi resurslardır. Əslində, məsələn 20 faiz böyük bir rəqəm kimi görünsə də, əslində obsalyut olaraq, orada böyük bir bank gəliri yoxdur. Bilirsinizmi, bank üçün 1 milyon manat həcmində kredit vermək və ya min dənə 1000 manatlıq kredit vermək tamamilə fərqli effektiv təsirə malikdir. Yəni, 12 faizlə 1 milyon manat kredit verəndə bank daha çox qazanır, nəinki 20 faiz ilə min dənə 1000 manatlıq kredit verəndə.

-    Sahibarlar indi hansı kreditlərə daha çox maraqlanırlar? 

-    Kiçik sahibkarlıqda kreditə maraq dinamikası həmişə izlənilib. Devalvasiyadan sonra istehlak tələbi yox idi deyə, bütün biznes dayanmışdı. Hətta sahibkarlar pulu biznesdən çıxartmaq tərəfində idilər. İndi bu dəyişib və görünür ki, yenidən istehlak tələbi yaranıb deyə, biznesdə kapitalın artımı istəkləri görünür. 

-    Bu fikri dəqiqləşdirək, yəni, manatla depozitlərin faiz dərəcələrinin aşağı salınmasının tərəfdarısınız...

-    Manat depozit faizi bazarda ortalama 15 faiz təşkil edir. İndi təqribən ortalama 10-12 faiz arasınadır və gözləyirəm ki, getdikcə bu bir az da düşəcək və 8-9 faizə enəcək. Hesab edirəm ki, bunu 15 faizə kimi saxlamağın bir iqtisadi əsası da yoxdur. Şəxsi qənaətim belədir ki, əmanətin manatda tam həcmdə sığortalanmasını saxlamaqla faizlərinə baxmaq mümkündür. Mərhələlər, bazarın inkişaf dinamikası üzrə şərtlərin dəyişdirilməsi əhali tərəfindən düşünürəm ki, normal qarşılanacaq.   

-    Siz çıxışınızda qeyd etdiniz ki, depozit portfelinin həcmi artır və gələcəkdə xarici maliyyə resurslarına ehtiyacınız olmaya bilər. Maraqlıdır ki, indiyə qədər kredit portfelinin hansı hissəsi məhz xarici maliyyə mənbələri hesabına formalaşıb? 

-    Bu, çox yaxşı sualdır. Bilirsinizmi, bu həqiqətdir ki, Azərbaycanda 2015-ci ilə qədər manatın ildən-ilə gücləndirilməsi müştərilər tərəfindən dollar kreditlərinin götürülməsinə daha çox şərait yaradırdı. Dolların birdən-birə bahalaşması isə ona səbəb oldu ki, banklarda dollar əmanətləri ilə manat əmanətlərinin faizləri yaxın tutuldu. “Accessbank”ın reytinqi yüksək olduğu üçün bizə kredit vermək istəyən bankların uzun bir siyahısı vardı. Və biz o kreditləri sahibkarların istəyi üzrə dollarda verirdik. Ancaq devalvasiya nəticəsində kreditlərdə valyuta riski kəskin şəkildə ortaya çıxdı. Nə bank sektoru onu ciddi düşünməmişdi, nə də borclanan bu riskləri nəzərə almamışdı. “Hec skop” deyilən bir alət var: sən pulu dollarda götürürsən və beynəlxalq bazarda o dolları bəlli bir məzənnə üzrə manata çevirib, manatda stabil olaraq kredit verə bilərsən. Ancaq baxırıq ki, Azərbaycan manatını beynəlxalq xarici təşkilatlar hec etmək üçün (hecləşdirmə - gözlənilən risklərin və ya itkilərin sığortalanması deməkdir- red.) ona təqribən 10-15 faiz marja istəyirlər. Baxmayaraq, manat iki ildir stabildir, 2015-ci il devalvasiyasından sonra baş tutan hec qiymətləri indiyə qədər beynəlxalq bazarda dəyişməyib və hamı bunun üzərində pul qazanmaqda davam etmək istəyir. Beynəlxalq qurumlardan 4 faizə dollar götürüb, 15 faiz ilə hecləşdirəndə artıq manatla resurs 20 faizə yaxınlaşır. Bu halda, sən onu neçəyə satmalısan ki, kreditdən pul qazanasan?! Bizim hazırda verilən kreditlərin 97 faizi manatdadır. Yalnız valyuta ilə gəliri olan şirkət və təşkilatlara dollarla kredit veririk. 
Depozit portfelinin artımı ona səbəb olur ki, biz yaxın gələcəkdə bəlli bir beynəlxalq kreditlərimizin həcmini çox azaldaq. Yəqin ki, iki il ərzində beynəlxalq kreditlərə ehtiyacımız olmayacaq.

-    Mən sualımı bir qədər başqa cür qoyum. Xarici öhdəliyiniz 2015-ci ildə nə qədər idi, hazırda nə qədərdir? 

-    Müqayisə etsək, xarici öhdəliyimiz ciddi şəkildə azalıb. Bizim yeni səhmdarlarımızın əksəryyəti xarici kreditlərini kapitala çevirən şirkətlərdir. Biz xarici borclanmanın ödənişini saxlamışdıq ki, o borclar hamısı kapitala çevriləcək. Bunu nəzərə alaq ki, banka yatırılan kapitaldan 184 milyon manatı xarici kreditlərdən çevrilmiş hissədir. Mən istisna etmirəm ki, biz bu ili sıfır xarici borclanma ilə bağlayaq və heclərin qiyməti bu səviyyədə qalsa yaxın iki ildə xarici borclanmaya müraciət etməyəcəyik. Qeyd edim ki, hətta dolları yerli bazardan daha ucuz əldə edirik, nəinki xarici bazardan.     
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department