BİZNES

Ayaqqabı fabriki olsa da, əmlakın icarəsindən gəlir əldə edir

“Bakı Ayaqqabı - 2” ASC 2018-ci ili 251 min manat xalis mənfəət ilə başa vurub. ASC-nin xalis qazancı 2017-ci illə müqayisədə 2 dəfə artıb. “Bakı Ayaqqabı -2” 2017-ci ili 125 min manat xalis mənfət ilə bağlamışdı. Xalis mənfəətin artması əmlakının yenidən qiymətləndirilməsindən qaynaqlanıb.

“Marja” ASC-nin 2018-ci il dekabrın 31-nə maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Ayaqqabı -2”nin cəmi gəliri 359 min manat təşkil edib. Bu gəlir ayaqqabı satışından əldə edilməyib. Gəlirin hamısı əmlakın icarəsindən əldə edilib. 2017-ci ildə də eyni məbləğdə gəlir əldə edilmişdi.

Dəyişən ötən il ASC-də əməkhaqqı üzrə ödənişlərin bir qədər artmasıdır.

Həmçinin “Bakı Ayaqqabı -2” investisiya əmlakının yenidən qiymətləndirilməsindən 202 min manat gəlir əldə edib.  561 min manat ümumi gəlirə qarşı xərclər 306 min manat təşkil etdiyindən 255 min manat mənfəət yaranıb. Mənfəətdən 4 min manat vergi ödənilib.

31 Dekabr 2018-ci il tarixində “Bakı Ayaqqabı -2” 7 milyon 201 min manat cəmi aktivlərə malik olub.

Qeyd edək ki, "Bakı Ayaqqabı - 2" ASC Heydər Əliyev prospekti 106A ünvanında yerləşən 2 saylı Bakı Ayaqqabı Fabrikinin bazasında yaradılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)