Sankt-Peterburqda Azərbaycan və Rusiya iş adamlarının görüşü keçiriləcək
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan və Rusiya iş adamlarının görüşü təşkil olunacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, iş adamlarının bu çərçivədə görüşü əlaqələrin daha da genişləndirilməsinə böyük töhfə verəcək.
“Forum çərçivəsində həmçinin bir sıra digər görüşlər də nəzərdə tutulub. Rusiya hökuməti üzvləri ilə mənim görüşlərim olacaq. Biz ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Bir sözlə, Azərbaycan nümayəndə heyətinin Peterburq Beynəlxalq İqtisadi Forumda iştirakı çox vacib hadisədir və əminik ki, bu ölkələrimiz arasında, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan vacib addım olacaq”, - deyə nazir qeyd edib.
Ş. Mustafayev əlavə edərək bildirib ki, Azərbaycan Rusiya arasında həm siyasi, həm də iqtisadi əlaqələr uğurla inkişaf edir.
“Rusiya Azərbaycanın qeyri neft-qaz sektoru üzrə əsas ticarət partnyorudur. Qeyd etmək istəyirəm ki, 2018-ci ildə biz bu sahədə çox uğurlu nəticələr əldə etdik. Belə ki, Rusiya ilə ticarət əlaqələrimiz ötən il 19% artıb və 2,55 mlrd. dollar həcminə çatıb. Eyni zamanda bu ilin nəticələri də çox uğurludur və 1-ci rübün nəticələrinə görə, ticarət dövriyyəsi 23% artıb”, - deyə Ş. Mustafayev qeyd edib.
Nazirin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq həmçinin sərmayələr sahəsində inkişaf etdirilir, birgə layihələr icra olunur.
“Bildiyiniz kimi, cari ilin əvvəlində, Hacıqabul sənaye məhəlləsində “QAZ Qrup” şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalandı və “Qazel” avtomobillərin istehsalı zavodunun təməli qoyuldu. Bu yaxınlarda isə Pirallahı sənaye parkında dərman istehsalı zavodunun ilk tikinti mərhələsinin başa çatdırılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.