Sosial iqtisadiyyat

Bu şəxslərin həftəlik iş vaxtına 40 saatlıq - MƏHDUDİYYƏT QOYULDU

Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş, istirahət rejimi və onun uçotunun aparılması qaydası müəyyənləşib.

"ENA" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı 1 ay qalmış sürücülərin nəzərinə çatdırılır. İş (növbəlilik) cədvəlləri gündəlik iş vaxtının başlanma və bitmə anını, müddətini, istirahət və qidalanma üçün fasilələrin vaxtını, gündəlik (növbələrarası) və həftəlik istirahət vaxtını müəyyən edir. İş (növbəlilik) cədvəli işəgötürən tərəfindən təsdiq edilir. Gündəlik iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş müddətdə sürücünün əsas iş yerinə qayıda bilməsinin mümkünsüz olduğu daşımalarda avtomobil sürücüləri uzaq reyslərə göndərilərkən, işəgötürən sürücünün yerinə yetirəcəyi tapşırığın müddətini təyin etdiyi zaman bu Qaydanın tələblərini və avtomobilin hərəkət və dayanma müddətlərini nəzərə alır. İş vaxtı ərzində sürücü öz əmək funksiyalarını əmək müqaviləsinin şərtlərinə, təşkilatın daxili intizam qaydalarına və iş (növbəlilik) cədvəlinə uyğun olaraq yerinə yetirməyə borcludur.

Daxili intizam qaydaları və iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtda əsas iş yerinə gəlmə anı iş vaxtının başlanma anı, avtomobilin duracaq yerinə qaytarılması üçün yekun işlərin görülüb başa çatdırıldığı an isə iş vaxtının bitmə anı hesab olunur. Bilavasitə iş yerinə gəlməklə və iş yerindən getməklə bağlı qeydiyyata sərf olunan vaxt iş vaxtına daxil edilmir. Ayrı-ayrı hallarda işin başlanma və bitmə vaxtı əsas iş yerindən kənarda müəyyən edilə bilər və bu barədə əvvəlki iş günü başa çatmamış sürücüyə məlumat verilməlidir. Şəhərlərarası (rayonlararası) daşımalar zamanı iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş istirahət vaxtının başa çatdığı an növbədəki sürücünün iş vaxtının başlanma anı sayılır, marşrutun aralıq və ya son məntəqəsində cədvəl üzrə istirahət vaxtının başlandığı an isə iş növbəsinin bitmə anı hesab olunur. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.

Sürücünün iş vaxtı aşağıdakı dövrlərdən ibarətdir:

- xəttə çıxmazdan əvvəl və xətdən geri qayıtdıqdan sonra hazırlıq və yekun işlərinin yerinə yetirilməsi üçün tələb edilən vaxt, geri qayıdış məntəqəsində və ya yolda (duracaqda) növbədən əvvəl və növbə başa çatdıqdan sonra işlərin görülməsi üçün tələb edilən 20 dəqiqəlik vaxt (avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi üçün vaxt da daxil olmaqla);

- avtonəqliyyat vasitəsinin idarə olunduğu vaxt;

- reysə iki sürücü göndərildiyi zaman sürücünün iş yerində olduğu, lakin avtonəqliyyat vasitəsini idarə etmədiyi vaxt;

- yükləmə və boşaltma məntəqələrində, sərnişinlərin avtonəqliyyat vasitəsinə mindiyi və düşürüldüyü yerlərdə, xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin istifadə edildiyi yerlərdə dayanma müddəti;

- sürücünün təqsiri olmadan baş verən boşdayanmaların müddəti;

- yolda avtonəqliyyat vasitəsinin idarə edilməsini dayandıraraq istirahət etmək və marşrutun son təyinat məntəqələrində dincəlmək üçün iş (növbəlilik) cədvəlində nəzərdə tutulmuş xüsusi fasilələrin müddəti;

- xətdə iş zamanı avtonəqliyyat vasitəsinin istismarı zamanı yaranmış nasazlıqların aradan qaldırılması üçün görülən və mexanizmlərin sökülməsini tələb etməyən işlərin, habelə səyyar şəraitdə texniki yardım olmadan görülən tənzimləmə işlərinin müddəti;

- mühafizə vəzifələri sürücü ilə bağlanılmış əmək müqaviləsində nəzərdə  tutulmuşdursa, daşımalar həyata keçirilərkən, marşrutun aralıq və sonuncu məntəqələrində yükün və avtomobilin mühafizə edildiyi müddət.

Reysə iki sürücü göndərilərkən, sürücünün iş yerində olduğu, amma avtonəqliyyat vasitəsini idarə etmədiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 50 faizdən az olmamaqla müəyyən edilir. Yükün və avtonəqliyyat vasitəsinin mühafizə edildiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 30 faizdən az olmamaqla müəyyən edilir. Sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün uzaq reyslərə göndərilərkən, işəgötürən sürücünün yerinə yetirəcəyi tapşırığın müddətini təyin etdiyi zaman hazırlıq və yekun işlərinə sərf olunan vaxtın qüvvədə olan normalarını, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi müddətini, yolda qısa və uzunmüddətli istirahət vaxtını, yükləmə və boşaltma vaxtını, daşıma məsafəsini və sürücülərin təyin olunmuş iş rejimini, yük avtomobillərinin yürüş məsafəsi üzrə normalarını nəzərə alır. Tapşırıqda (cədvəldə) müəyyən edilmiş müddət iş vaxtı hesab edilir. İş vaxtından artıq vaxtda görülən işin əmək qanunvericiliyinə uyğun olaraq hər saatı üçün əməkhaqqı ödənilir. Əmək qanunvericiliyində, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş hallar istisna olmaqla, iş vaxtından artıq vaxtda işə cəlb olunmağa yalnız sürücünün razılığı ilə yol verilir. Növbəli iş rejimi sürücülərin növbə ilə bir-birini əvəzləməsinin ardıcıllığını müəyyən edir və hər bir növbənin müddəti qanunvericiliklə müəyyən edilmiş gündəlik iş (növbə) müddətindən az olmamalıdır. Digər iş rejimləri (iş vaxtının hissələrə bölünməsi, sutkalıq növbələr) növbəli iş rejiminə aid edilmir. Növbəli iş rejimində iş vaxtı rejimi iş (növbəlilik) cədvəli ilə müəyyən edilir. Bu zaman növbənin müddəti 12 saatdan artıq ola bilməz. Sürücülər növbələr üzrə bərabərlik qaydasında bir-birini əvəzləyirlər. Ardıcıl olaraq iki növbə ərzində işləməyə yol verilmir.

İş vaxtının cəmlənmiş uçotu aparılarkən, işəgötürənin sərəncamı ilə sürücünün iş gününün (iş növbəsinin) müddəti 10 saatdan artıq olmamaq şərtilə ayrı-ayrı hallarda (müntəzəm marşrut xətlərində sərnişinlərin daşınmasını həyata keçirən şəhərdaxili avtonəqliyyat vasitələrinin sürücüləri şəhərlərarası daşımanı həyata keçirərkən, onların istirahət etmək üçün müvafiq yerə gedə bilməsinə imkan yaratmaq zəruri olduğu hallarda) isə 12 saatdan artıq olmamaq şərtilə təyin edilə bilər və bu zaman uçot dövrü ərzindəki iş vaxtının müəyyən edilmiş normasına riayət edilməlidir. Ardıcıl iki təqvim günündən artıq müddətdə 12 saatlıq iş gününün (iş növbəsinin) müəyyən edilməsinə yol verilmir. Şəhərlərarası (rayonlararası) daşıma həyata keçirilərkən, sürücünün 12 saatdan artıq müddətdə avtomobildə olmasının nəzərdə tutulduğu hallarda reysə iki sürücü göndərilir.

Sürücülər üçün hissələrə bölünmüş iş günü tətbiq edilə bilər. İş gününün ayrı-ayrı hissələri arasında istirahət və qidalanma üçün 4 saatdan çox olmamaq şərtilə 2 saatdan artıq bir fasilə, yaxud ümumi müddəti 4 saatdan çox olmamaq şərtilə iki və daha artıq fasilə verilə bilər. Bu zaman gün ərzində iş vaxtının ümumi müddəti iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş gündəlik iş vaxtının müddətindən artıq olmamalıdır. İş gününün hissələri arasandakı fasilələr iş vaxtına daxil edilmir. İş gününün iki hissəsi arasında fasilə avtomobilin dayanacağı yer qismində müəyyən edilən və sürücünün istirahəti üçün təchiz olunan yerdə verilir. İş gününün hissələrə bölünməsi məsələsi işəgötürən tərəfindən həll edilir. Növbələrarası boşdayanmaların müddəti 5 dəqiqədən başlayaraq nəzərə alınır. Sürücülərin boşdayanmalarının müddətinin uçotu boşdayanmalara dair qeydlərin aparıldığı vərəqələrin doldurulması ilə və ya müəyyən edilmiş formada hazırlanan yol vərəqəsində xüsusi qeydlərin yazılması ilə həyata keçirilir.İş günü ərzində sürücülərə istirahət və qidalanma üçün 20 dəqiqədən az və 2 saatdan çox olmamaqla fasilə verilir. Sürücülər həmin fasilədən istədikləri kimi istifadə edə bilərlər. Fasilə iş vaxtına daxil edilmir. İş (növbəlilik) cədvəlində gündəlik iş vaxtının (növbənin) müddəti 8 saatdan artıq müəyyən edildikdə, sürücüyə istirahət və qidalanma üçün ümumi müddəti 2 saatdan çox və 30 dəqiqədən az olmamaqla iki fasilə verilə bilər. İşin başlanmasından 4 saat sonra istirahət və qidalanma üçün fasilə verilməlidir. Avtonəqliyyat vasitəsini fasiləsiz olaraq 2 saat idarə etdikdən sonra sürücüyə iş vaxtına daxil edilməklə, 10 dəqiqəlik xüsusi texniki fasilə verilir. İstirahət və qidalanma vaxtı başlamadığı təqdirdə, bu müddət avtomobilin 4 saat ərzində idarə olunmasından sonrakı fasiləyə əlavə edilməlidir. İş (növbəlilik) cədvəlinə görə növbənin müddəti 8 saatdan çoxdursa, növbələrarası gündəlik istirahət müddətinin azaldılması həftəlik fasiləsiz istirahət müddətinin artırılması hesabına kompensasiya olunur. İş vaxtının cəmlənmiş uçotu aparılan sürücülərin və ya hissələrə bölünmüş iş günü ilə işləyən sürücülərin ayrı-ayrı iş dövrlərində gündəlik (növbələrarası) istirahət müddəti sürücünün razılığı ilə işəgötürənin göstərişi əsasında 12 saatadək azaldıla bilər.

Şəhərlərarası (rayonlararası) daşımalarda iş vaxtının cəmlənmiş qaydada uçotu aparılarkən, marşrutun son və ya aralıq məntəqəsində sürücünün gündəlik (növbələrarası) istirahət müddəti istirahətəqədərki iş növbəsinin müddətindən, avtomobilin ekipajı iki sürücüdən ibarət olduqda isə istirahətəqədərki iş növbəsinin müddətinin yarısından az ola bilməz və bu zaman gündəlik (növbələrarası) istirahət müddəti bilavasitə əsas iş yerinə qayıdışdan sonra müvafiq müddətədək artırılır. Əmək qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, daxili intizam qaydaları və ya iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş istirahət günündə sürücünün işə cəlb olunmasına yalnız onun razılığı ilə yol verilir. Hər bir sürücünün ildə 12 istirahət günündən çox olmamaqla göstərilən qaydada işə cəlb edilməsinə yol verilir. Əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda, sürücünün öz razılığı olmadan işə cəlb edildiyi istirahət günləri onun istirahət günlərinin ümumi sayına daxil edilmir. İş vaxtının cəmlənmiş uçotu aparıldığı hallarda, şəhərlərarası (rayonlararası) daşımalarda həftəlik istirahət müddəti 42 saatdan artıq ola bilər, həmçinin 24 saatdan az olmamaqla qısaldıla bilər. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə yerinə yetirilən iş tərəflərin razılığı ilə başqa istirahət gününün verilməsi və ya Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəniş edilməsi yolu ilə kompensasiya oluna bilər. Şəhərlərarası (rayonlararası) daşımaları həyata keçirən sürücülər iş səfərləri dövründə həftəlik istirahət günlərindən istifadə etmək imkanına malik olmadıqda, əsas iş yerinə qayıtdıqdan sonra onlara başqa istirahət günləri verilməlidir.

Yeni Qaydaların qəbulu ilə əlaqədar Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli qərarını, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında”  2010-cu il 24 dekabr tarixli qərarın 1-4-cü hissələrini ləğv edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)