Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü olub
Mayın 31-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
"ENA" xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu keçəcək və səfər nəticəsində əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.
Mən sizin gözəl ölkənizə öz səfərimi məmnuniyyətlə xatırlayıram. Biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq və gələcək planlar haqqında danışdıq. Bu gün isə yüksək səviyyəli siyasi dialoq davam etdirilir. Bu gün keçirdiyimiz təkbətək görüşdə bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq. Bizim əlaqələrimiz çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək.
Bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Polşa Prezidenti Andjey Duda deyib:
- Zati-aliləri, çox hörmətli cənab Prezident.
Məni buraya dəvət etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mənə göstərilən səmimi qonaqpərvərliyə görə çox minnətdaram.
Düzgün qeyd etdiniz, bu, mənim Azərbaycana ilk səfərimdir. Mən Bakını ilk dəfədir ki, görürəm. Ölkə və olduqca gözəl şəhər mənə böyük təəssürat bağışladı.
Mən, həmçinin fürsətdən istifadə edib Sizi təbrik etmək istəyirəm. Çünki Sizin atdığınız hər bir addım uğur gətirir. Əminəm ki, bu, nəinki mənim təəssüratımdır, digərlərinin də təəssüratı eynidir.
Dünən biz gözəl yerlərdə olduq, gözəl abidələri gördük, həmçinin küçələrinizi seyr etdik. Bunların əsasında məhz Sizin işiniz, fəaliyyətiniz dayanır. Bu da əslində, bizdə çox yaxşı təəssürat yaradır. Sizi təbrik edirəm. Mən buraya səfər etməkdən çox şadam. Cənab Prezident, mən açıq şəkildə söyləmək istəyirəm ki, uzun illər ərzində ölkələrimiz müxtəlif sahələrdə səmərəli şəkildə əməkdaşlıq ediblər.