Aqrar

"Artıq sifariş almışam, məhsulu Rusiya bazarlarına göndərəcəm"

Üçüncü ildir ki, Salyanda sarımsaq əkilir. Məhsul istehsalçıları təsərrüfatın bu sahəsindən yaxşı mənfəət əldə etdiklərindən əkin sahələrini ilbəil genişləndirirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il salyanlı fermerlər sarımsaq sahələrindən 1026 ton məhsul götürüblər. Hər hektarın məhsuldarlığı 80 sentner olub. Torpaq mülkiyyətçiləri cari təsərrüfat ilində 180 hektar sahədə məhsul yetişdiriblər. Əkinçilər bitkiyə nümunəvi qulluq etdiyindən bu il məhsulun ötən ildəkindən də çox olacağı gözlənilir.

Yenikənd kənd sakini, fermer Ələddin Fərəcov bir neçə ildir ki, sarımsaq əkini ilə məşğul olur. Becərdiyi sahədən hər il yaxşı məhsul götürür. Təsərrüfat sahibi ötən il sarımsaq sahəsindən 170 ton məhsul yığıb.

“Bu mövsüm 6 hektar sahədə yeni sort sarımsaq becərirəm. Mütəxəssislərin dediyinə görə, bu, yerli sortlardan daha məhsuldardır. Hazırda sarımsaq sahəsində becərmə işləri aparırıq. Bir aydan sonra məhsul yığımına başlayacağıq. Hər il olduğu kimi, bu ildə məhsulu Rusiya bazarlarına göndərəcəyəm. Bunun üçün artıq sifariş də almışam”, - deyə fermer bildirib.

Qeyd edək ki, Ə.Fərəcov növbəti ildə əkin sahəsini 15 hektara çatdırmaq niyyətindədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)