Azərbaycanın 6 iri dövlət şirkətindən 4-nün xərci gəlirindən çox olub
Ötən il Azərbaycanın iri dövlət vergi ödəyiciləri üzrə dövlət büdcəsinə daxilolmalarla həmin müəssisə üzrə dövlət büdcəsindən icra edilmiş xərclərin müqayisəsi açıqlanıb.
"ENA" xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.
Aparılmış müqayisə göstərir ki, "Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Azərbaycan Hava Yolları" QSC (AZAL) istisna olmaqla, digər 4 iri vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilən vergi və digər ödənişlər dövlət büdcəsindən həmin təşkilatlara ayrılan vəsaitdən az olub. Bu sırada "Azərbaycan Dəmir Yolları" QSC xüsusi diqqət çəkir. Keçən il "Azərbaycan Dəmir Yolları" QSC-nin büdcəyə ödədiyi vəsait 15,8 mln. manat, xərclədiyi vəsait isə bundan 38 dəfə çox, yəni 607,5 mln. manat olub. Ödənilən və xərclənən vəsaitin müqayisəsi baxımından ikinci yerdə "Azərsu" ASC qərarlaşıb. 2018-ci ildə "Azərsu" ASC-nin büdcəyə ödənişi 27,5 mln. manat, büdcədən bu quruma ayrılan vəsait isə bundan 17 dəfəyə qədər çox, yəni 431,3 mln. manat olub. "Azərenerji" ASC-yə büdcədən ayrılan vəsaitlə bu qurumun büdcəyə ödənişi arasında 2,7 dəfə fərq olub. Keçən il "Azərenerji" ASC-yə büdcədən 240,1 mln. manat ayrılıb, büdcəyə ödəniş isə 86,8 mln. manatı keçməyib.
SOCAR üzrə də mənfi saldo qeydə alınıb. Keçən il Dövlət Neft Şirkəti büdcəyə 1 425,1 mln. manat ödəniş edibsə, xərci bundan 4% çox – 1 486,4 mln. manat olub.
AZAL-ın büdcəyə ödənişi isə bu quruma büdcədən ayrılan vəsaitdən 3 dəfədən çox olub. 2018-ci ildə AZAL-a büdcədən 10 mln. manat ayrılıbsa, büdcəyə ödəniş 32,5 mln. manat olub.
"Xəzər Dəniz Gəmiçiliyi" QSC isə büdcəyə 30,4 mln. manat ödəniş edib, büdcədən quruma ayrılan vəsait isə 20 mln. manat olub.