Aqrar

Fermerlər subsidiyalarla bağlı müraciətləri elektron qaydada edə biləcəklər

Yaxın vaxtlarda “Elektron kənd təsərrüfatı" sistemi üzərindən fermerlər subsidiyalarla bağlı müraciət edə biləcəklər. 

"ENA" xəbər verir ki, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, məhz bu sistem subsidiya müraciəti üçün yeganə mərkəz olacaq ki, bütün fermerlər mütləq şəkildə bu sistem üzərindən müraciət edə biləcəklər.

“Qeydiyyatı olmayan şəxslərin müraciəti nəzərə alınmayacaq. Bu sistem üzərindən şikayətlər, texnikaya ehtiyac və digər bütün məlumatlar Kənd Təsərrüfatı Nazirliyinə ötürülür. Göndərilən müraciətlər interaktiv şəkildə dərhal cavablandırılır”, - deyə F. Cəfərov qeyd edib.

Mərkəzinin direktoru həmçinin bildirib ki, cari ilin fevral ayında istifadəyə verilən “Elektron kənd təsərrüfatı" sistemi artıq “ASAN Login” sisteminə inteqrasiya edilib.

“Sistem çox geniş və əhatəlidir. Sistem fermerlərin qeydiyyatı, heyvanların qeydiyyatı, assosiasiyalar, subsidiyaların verilməsi və sair texnikaların qeydiyyatı kimi modullardan ibarətdir. İlkin etapda fermerlərin qeydiyyatı istifadəyə verilib və bu günə kimi 240 min fermer avtomatik olaraq bu sistemdən qeydiyyatdan keçib”, - deyə F. Cəfərov əlavə edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)