Azərbaycanda ilk dəfə qara pomidorun istehsalına başlanıb - QİYMƏTİ
“Karvan L Eko” MMC Ağstafa rayonunda yerləşən istixanasında Azərbaycanda ilk dəfə qara pomidor yetişdirməyə başlayıb.
“ENA” xəbər verir ki, hazırda şirkət pomidorun “Mont” və “Pink Paradise” sortlarını yetişdirir.
Qara rəngi ilə seçilən pomidor kateqoriyasina aid olan “Mont” sortu özünəməxsus dadı ilə bütün dünyada məşhurdur. Qara pomidorda şəkərin miqdarı yüksək olub, dad keyfiyyəti şəkər-turşu nisbətində harmoniya təşkil edir. Yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərinə əlavə olaraq, antosianlar immun sisteminin fəaliyyətini sürətləndirir, qan damarlarını gücləndirir və bədəndəki şişkinlikləri azaldır.
Şirkət qara pomidorun 1 kiloqramını 5 manata təklif edir.
“Karvan L Eko” MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar əsasında yetişdirilir. Əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur. Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır. Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə münbitləşdirilir.
Pomidor meyvələri makro və mikro elementlərlə zəngindir. Bu elementlər insan immunitetini gücləndirməklə yanaşı, organizmə hərtərəfli müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, son dövrlərdə alimlərin apardıqları tədqiqatların nəticəsində pomidor meyvələrinin xərçəng, böyrək daşı, ürək və damar xəstəliklərinin profilaktik müalicəvi xüsusiyyətə malik olması aşkarlanmışdır.