"Sahibkarlar yaşıllıq olmayan yerlərdə bina tikib ətrafında ağac əksinlər" - MÜSAHİBƏ
"Meşələrə quraşdırılan kameralar 1650 metr ərazini dəqiq göstərir"
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin müsahibəsi:
- 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Bayramı hansı yeniliklər və dəyişikliklərlə qarşılayırsız?
- Hesab edirəm ki, 23 may təkcə ekologiya nazirliyi işçilərinin deyil, təbiətin qayğısını çəkən hər kəsin bayramıdır və bu münasibətlə bütün təbiətsevərləri təbrik edirəm.
Yeniliklər, dəyişikliklər var və bu proses davam edir. Az vaxt içərisində nazirliyin strukturunda optimallaşdırma aparılıb, ətraf mühitə və təbii sərvətlərdən səmərəli istifadəyə dövlət nəzarəti mexanizmləri təkmilləşdirilərək daha çevik, operativ idarə olunan struktur formalaşdırılıb, daxili sənəd dövriyyəsi elektronlaşdırılıb və hazırda “qaynar xətt” xidmətinin avtomatlaşdırılması, elektron protokol tərtibatı sistemi yaradılır.
Deyərdim ki, yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması istiqamətində işimiz nəzərəçarpacaqdır. Ağacəkmə daha geniş təşviq olunub, kütləviləşib. Əhaliyə ağac tinglərinin paylanması kimi gözəl ənənə vətəndaşlara böyük stimul verib. Bir il ərzində 2 milyondan çox ağac və kol bitkisi əkilib. Meşə sahələrinin qorunub mühafizə edilməsi üçün çəpərləmə, şlaqbaumların qoyulması və kameraların quraşdırılması işlərinə başlanılıb.
Ətraf mühitin monitorinqi gücləndirilib. Bakı şəhərində atmosferi çirkləndirən 378 obyektdə təmizləyici qurğunun quraşdırılması təmin olunub, Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun ərazisində çirklənmiş 66 hektar sahə təmizlənib, bərpa edilərək yaşıllıq salınıb, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində 272 hektar sahədə uzun illər boyu formalaşmış gölməçələr qurudulub, neft və neft şlamı ilə çirklənmiş ərazilər təmizlənib, qiymətləndirmə işləri aparılaraq dövriyyəyə qaytarılıb.
- Yəqin ki, ağacəkmə geniş təşviq olunduğundan payız və yaz ağacəkmə kampaniyalarının nəticələri ürəkaçandır. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, fikrimizcə, bu işdə həm də təbliğatın və təşviqatın böyük rolu var. Artıq ictimaiyyətdə bu həssas məsələyə münasibət yaxşı mənada formalaşıb. Nəticələri rəqəmlər də göstərir. Məsələn, meşə və qeyri-meşə fondu ərazilərində 2018-ci ilin payız ağacəkmə kampaniyasında 1,3 milyona yaxın, 2019-cu ilin yaz ağacəkmə kampaniyasında isə 863 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə əkilib. Əvvəldə qeyd etdiyim kimi, vətəndaşlara ağac tinglərinin paylanması kimi yeni bir yaxşı ənənin əsası qoyulub ki, bu da ağac əkilməsinin təşviqi işinə böyük töhfədir və 2018-ci ilin payız ağacəkmə mövsümündə 167 000, 2019-cu ilin yaz ağacəkmə kampaniyasında isə 305 000-dən çox müxtəlif cinsli ağac tingi əkilməsi üçün vətəndaşlara, icra hakimiyyətlərinə, təhsil müəssisələrinə paylanılıb. Onu da bildirim ki, əkilən və paylanılan ağaclar Nazirliyin tinglik sahələrində yetişdirilib.
- Deyək ki, bir yerdə 100 ağac var. Onun yerində isə 100 ailənin yaşayacağı bina tikmək olar. Sizcə 100 ağacın qorunması, yoxsa 100 ailənin yaşaması daha vacibdir?
- Bu həm sosial, həm də ekoloji baxımdan çox əhəmiyyətlidir və hər iki məsələ günün tələbidir. Mən ekoloji məsələnin həllinə önəm verərdim. Çünki, yaşayış binasının yaşıllıq olmayan ərazilərdə tikilməsi mümkündür. Lakin 100 ədəd çoxillik ağacın əkilib-becərilməsi, xüsusilə də Abşeron yarımadasında, daha çox vaxt və böyük insan əməyi tələb edir. Yaşıllıqların ətraf mühitin sağlamlaşdırılmasında, xüsusilə də atmosfer havasının təmizlənməsində, həmçinin estetik görünüş baxımından da müstəsna əhəmiyyətini unutmamalıyıq. Bir sözlə, ağacların mövcudluğu insanların sağlamlığı üçündür.
- Nazirlik ağac kəsib yerində bina tikmək istəyən sahibkarlara nə təklif edir?
- Bu əməllərindən əl çəkinsinlər, yaşıllıq olmayan torpaq sahələrində bina tikib, ətrafında ağac əksinlər, mövcud yaşıllıqları qorusunlar. Əks halda, siz də bilirsiniz ki, sərt tədbirlərin görülməsi zərurəti yaranır.
- İcazəsiz ağac kəsənlərlə bağlı hansı tədbirlər görülüb? Ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma və ya artım müşahidə olunubmu?
- İcazəsiz ağac kəsilməsi ilə bağlı nazirliyə də çoxsaylı məlumatlar daxil olur və bu məlumatlar operativ araşdırılır. Əksər hallarda belə məlumatlar öz təsdiqini tapmır. Çünki çoxillik ağacların cavanlaşdırılması məqsədilə aparılan budanma (gövdə və budaqların kəsilməsi) xidmətini, həmçinin müvafiq icazə sənədi əsasında yerində yeni ağac əkilməsi şərtilə təhlükəli və qəzalı ağacların götürülməsini ağac kəsintisi hesab edirlər. Doğrudur, ağacları kəsən “işbaz”lar da olur. Belə şəxslərə qarşı tərəfimizdən ciddi tədbirlər görülür, onlara cərimə edilir və cinayət tərkibli materiallar hüquq-mühafizə orqanlarına göndərilir. Əlbəttə görülən işlər və aparılan maarifləndirmə tədbirləri nəticəsində ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalma var.
Nazirlik tərəfindən yaşıllığın mühafizəsi sahəsində mütəmadi maarifləndirmə, monitorinq və nəzarət tədbirləri həyata keçirilir və qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq mülkiyyətçiləri qarşısında ciddi tələblər qoyulur. Lakin, bu vacib məsələdə ictimaiyyətin də fəal rolu olmalı, ağacların kəsilməsi cəhdinin qarşısı dərhal alınmalı və həmin şəxslər ictimai qınaq obyektinə çevrilməlidir. Fürsətdən istifadə edib, bu işdə bizə dəstək olanlara minnətdarlığımızı bildiririk.
- Ağac köçürülməsi məsələsi ilə bağlı nə deyə bilərsiz? Həmin ağaclar sonradan necə qorunur?
- Tikinti altına düşən ağac və kolların köçürülməsinə istisna hallarda icazə verilir. Bu da mövcud qanunvericilik daxilində dövlət əhəmiyyətli obyektlərin tikintisi və avtomobil yollarının çəkilişi zamanı həyata keçirilir. Köçürülən ağaclara lazımi xidmət işlərinin aparılması layihə sifarişçisi qarşısında ciddi tələb kimi qoyulur və buna nəzarət təmin edilir.
- Azərbaycanın meşə əraziləri dünya ölkələri ilə müqayisədə çox azdır. Nəzərə alsaq ki, meşələrin böyük qismi dağlıq ərazilərdədir, son illər Azərbaycanda nə qədər meşə sahəsi bərpa olunub və artırılıb?
- Düzdür, ölkəmiz azmeşəli regiondur və bizdə meşə sahələri dünyada qəbul edilmiş normadan 2-2,5 dəfə azdır. Əsas prioritet istiqamətlərimizdən biri də mövcud meşələrin qorunması, artırılması və bərpası, o cümlədən meşələrdən davamlı istifadə edilməsidir. Meşələrə müdaxilələrin qarşısının alınması, meşələrin qorunması və mühafizəsinin gücləndirilməsi istiqamətində işlərimiz davam etdirilir. Belə ki, meşə idarəetmə sisteminin müasirləşdirilməsi, meşə ekosisteminin qorunub saxlanılması, yeni meşə sahələrinin salınması və beynəlxalq təcrübələr əsasında davamlı istifadə edilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Yeni Milli Meşə Proqramının hazırlıq işlərinə başlanılıb və Proqramın ilkin layihəsi tamamlanib. Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulub.
Azərbaycanda meşə fondu torpaqları 1231,7 min hektar, meşə ilə örtülü sahələr isə 1033 min hektardır. Azərbaycan meşələrinin 85 faizi dağlıq, 15 faizi düzən ərazilərdə yerləşir. 2018-ci ildə 10155 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib, 1 milyon 350 min ədəd ting əkilməklə 2505 ha ərazidə meşə əkini aparılıb və aqrobağlar salınıb.
- Ötən il meşələrə kameraların quraşdırılması işinə başlanıldı. Bu iş bu il davam edəcəkmi?
- Qeyd edim ki, meşələrə kamera quraşdırılması bizim üçün ilk təcrübə idi. Artıq 5 rayonda yəni Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarındakı meşələrə kameralar quraşdırılıb. Hesab edirəm ki, kameraların yerləşdirilməsi mütərəqqi bir yanaşmadır və mühafizə işində əvəzsiz rolu olacaq. Məlumat üçün deyim ki, kameralar 15 metr hündürlükdə quraşdırılır, 1650 metr ərazini dəqiq göstərir, 20 min hektarı öz təsiri altında saxlayır. Bu il də ölkənin digər ərazilərində yerləşən meşələrdə kameraların quraşdırılması prosesi davam edəcək. Kameraların quraşdırılmasında əsas məqsəd baş verə biləcək yanğınların tez bir zamanda lokallaşdırılmasına nail olmaq və təxirəsalınmaz tədbirlərin görülməsini təmin etməkdir.
- Meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. Bildiyimiz qədər yanğın təhlükəsizliyi məqsədi ilə meşələrdə müşahidə qüllələrinin və gözətçi postlarının qurulmasına başlanılıb. Hazırda işlər hansı mərhələdədir?
- Sevindirici haldır ki, Azərbaycanda minlərlə hektar meşə sahəsini əhatə edən yanğınlar olmayıb. Ayrı-ayrı meşə ərazilərində azhəcmli sahələri əhatə edən yanğınların qarşısı isə dərhal alınıb və meşə təsərrüfatlarına ciddi ziyan dəyməyib. Doğrudur, meşə yanğınlarının qarşısının alınmasında, dərhal müdaxilə edilməsində müşahidə qüllələrinin və gözətçi postlarının rolu böyükdür. Bu baxımdan meşə sahələrində müşahidə qüllələri və məntəqələri qoyulub, növbətçilik sistemi yaradılıb, yanğından mühafizə zolaqları çəkilib, eləcə də gözətçi postları təşkil edilib. Hazırda bu istiqamətdə maarifləndirmə işləri aparılır. Ancaq bu məsələdə hər bir kəs, o cümlədən meşə ətrafı kəndlərin sakinləri, torpaq mükiyyətçiləri, bütün ictimaiyyət, xüsusilə də meşələrə səyahət edən turistlər daha diqqətli olmalı, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidirlər.
- Sonda nə demək istərdiniz?
- Ətraf mühitin qorunmasında ictimai nəzarət daha da gücləndirilməli, hər bir vətəndaş bu işdə yaxından iştirak etməli, böyükdən kiçiyə qədər hər kəs təbiəti qorumalıdır. Nazirlik tərəfindən ekoloji problemlərin aradan qaldırılması istiqamətində müxtəlif mövzularda təbliğat xarakterli görüşlər keçirilir, ekoloji təqvim günlərində də ekoloji təbliğat xarakterli tədbirlər təşkil edilir. Düşünürəm ki, hər bir vətəndaş ətraf mühitə dost münasibət bəsləməli, təbiəti öz evi kimi sevib qorumalıdır. Sonda ulu öndərimizin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” tarixi kəlamı ilə müsahibəni bitirmək yerinə düşər.