“Azərsığorta”dan Palatanın cəzası barədə - AÇIQLAMA
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) Maliyyə Bazarlarına Nəzarət Palatasının onun fəaliyyətini məhdudlaşdırmasına münasibət bildirib.
Bu barədə şirkətin sədr müavini Aftandil Hacıyev açıqlama verib.
“Palatanın dediyi nöqsanlar artıq aradan qaldırılıb. Sadəcə şirkətlə əməkdaşlıq edən sığorta agentlərinin imza hüququ məsələsi açıq qalıb. İcbari Sığorta Bürosuna (İSB) lazımi məlumatları təqdim etmişik və fəaliyyətimizi bu gün tam bərpa edəcəyik”, - deyə o, qeyd edib.
Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərsığorta”nın “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə aldığı icazəni ləğv edib. Şirkət icbari avtomobil sığortası sata bilməz.
"Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” (“Azərsığorta”) tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 16 may 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə (“Azərsığorta”) sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 17 may 2019-cu il tarixindən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır",- Palatanın açıqlamasında bildirilirdi.