BİZNES

Azərbaycanda 120 milyonluq zavod tikilir - 650 NƏFƏRLİK İŞ YERİ AÇILACAQ

“Run Group”un dəvəti ilə Azərbaycana gələn “Dagan” şirkəti burada Göygöl Buğda Nişastası Dərin Emalı Zavodu üçün ən qabaqcıl texnologiyalarla buğda yetişdirmək niyyətindədir.

“Run Group”un yaydığı məlumata görə, zavodun tam gücü ilə işləməsi üçün 300 000 ton buğda lazım olacaq. Bununla əlaqədar yaradılan “Dagan & Run Group” müştərək şirkəti mayın 16-da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi ilə memorandum da imzalayıb.

Məlumatda qedy edilib ki, təqdim olunan layihə ilə əlaqədar burada “Run Group”un digər beynəlxalq tərəfdaşları – Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupunun və Çin Milli İdxal-İxrac Korporasıyasının (CNTIC) nümayəndələri də iştirak edirlər.

Belə ki, Göygöl rayonu ərazisində "Run Group"un sifarişi və "Run Const.&inv.comp" MMC-nin layihəsi əsasında Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinin icraçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş" & "Es Group" JV şirkətidir. Dünyanın qabaqcıl ölkələrindən gətirilərək ən müasir texnika və texnologiyaların tətbiq ediləcəyi zavodun inşası üçün ilkin hesablamalara görə, 120 milyon avro investisiya tələb olunur. Zavodun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi "CNTIC & Run Group" şirkəti həyata keçirir. Layihənin gerçəkləşməsinin bütün hüquqi məsələlərini isə İsrailin "Zahavi Pretty" hüquq şirkəti həll edir.

Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq və nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək. Hələlik məhsulun 98 faizinin xaricə ixrac olunacağı, 2 faizinin isə daxili bazara çıxarılacağı planlaşdırılır. Qeyd edək ki, nişastadan qida sənayesində və tibdə istifadə olunan 12 adda məhsul hazırlanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)