A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Zərərlər ehtiyatı

Sözün izahı

 

Bildirilmiş və ya bildirilməmiş sığorta hadisələri nəticəsində dəyən zərərlərlə bağlı sığortaçının qiymətləndirilmiş öhdəliklərini təmin edən vəsaitlərin miqdarı.

Misal:            

01 iyun 2011-ci il tarixə sığortaçıda 24 tənzimlənməmiş hadisə mövcuddur. Yəni, sığortaçı həmin hadisələrin bəzilərinin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək üçün araşdırmaları davam etdirir, bəzilərinin isə sığorta hadisəsi olması artıq sübut edilməsinə baxmayaraq, dəymiş zərərin məbləğinin qiymətləndirilməsi tam başa çatmamışdır. Baxmayaraq ki, bəzi hadisələrə görə ödənişdən imtina da edilə bilər, sığortaçı bu hadisələrin hər biri üzrə ehtimal edilən sığorta ödənişi məbləğlərini təyin edir və ümumi məbləği 256 000 manat həcmində olan ehtiyatlar formalaşdırır ki, buna baş vermiş və bildirilmiş zərərlər ehtiyatı deyilir. Bundan başqa, sığortaçı əvvəlki illərin statistikasını, əmlak sığortasına münasibətdə son dövrlərin hava şəraitini, tibbi sığortaya münasibətdə, eyni zamanda xəstəliklərin artım tempini və s. amilləri nəzərə alaraq ehtimal edir ki, həmin tarixədək baş vermiş, lakın hələ ona bildirilməmiş zərərlərə görə də 50 000 manat məbləğində baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı formalaşdırmalıdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydalar”ı,

bənd 1.3.12: bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı - baş verməsi haqqında qanunla və ya sığorta və ya təkrarsığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada hesabat tarixinə qədər sığortaçıya bildirilmiş, lakin sığorta ödənişləri verilməmiş, yaxud tam verilməmiş sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının öhdəliyi;

bənd 1.3.14: baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı - baş verməsi haqqında qanunla və ya sığorta (təkrarsığorta) müqaviləsi ilə müəyyən olunmuş qaydada hesabat tarixinə qədər sığortaçıya bildirilməmiş, sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.15:

Tələblər ehtiyatı (eng.–claims provision, claims reserve)– hesabat dövrünün sonunadək, bildirilib, bildirilməməsin-dən asılı olmayaraq, həmin müddətdə baş vermiş hadisələrdən irəli gələn sığorta tələblərinin təmin olunması üçün sığortaçının qiymətləndirilmiş öhdəliklərinin ümumi həcmini onun balansında əks etdirən məbləğ.

Belarus Respublikasının Maliyyə Nazirliyi yanında Sığorta Fəaliyyətinə Nəzarət Komitəsinin 2000-ci il 13 dekabr tarixli “Qeyri-həyat sığortasına aid sığorta növləri üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”,

Fəsil II, bənd 8. Texniki ehtiyatlara daxildir:

  • Qazanılmamış mükafatlar ehtiyatı;
  • Aşağıdakıları özündə birləşdirən zərərlər ehtiyatı:
    • Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı;
    • Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı…

Fəsil III, bənd 10.2: Zərərlər ehtiyatı (рус.–резервы убытков) hər bir sığorta növü üzrə formalaşdırılır.