A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Qismən sığorta

Sözün izahı

 

Əmlakın sığorta dəyərindən aşağı məbləğdə sığortalanması. Sığorta müqaviləsi sığorta məbləğinin sığorta dəyərindən aşağı olmasını nəzərdə tutursa, sığorta hadisəsi baş verdikdə sığortaçının ödədiyi sığorta ödənişinin məbləği də sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində müəyyən edilir.

Misal:

Şəxs dəyəri 90 000 manat olan mənzilini 45 000 məbləğində, yəni sığorta dəyərinin 50%-i həcmində sığorta etdirir. Sığorta hadisəsi nəticəsində mənzilə 20 000 manat həcmində ziyan dəyir. Bu halda sığortaçı şəxsə (sığortalıya) 10 000 manat (20 000x50%=10 000) məbləğində sığorta ödənişi verir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 896:

Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.

Beynəlxalq təcrübədən nümunə

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 205:

Razılaşdırılmış sığorta məbləğinin sığortalanmış əmlakın həqiqi və ya bərpa dəyərindən aşağı olması halında həmin əmlakın məhv olması və ya zədələnməsi halında sığorta ödənişi sığorta məbləği ilə həqiqi və ya bərpa dəyərinin nisbətinə uyğun olaraq müəyyən ediləcəkdir.

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 949:

Əgər əmlakın, yaxud sahibkarlıq riskinin sığortası müqaviləsində sığorta məbləği sığorta dəyərindən aşağı müəyyən edilmişdirsə, sığortaçı sığorta hadisəsi baş verdiyi halda sığortalıya onun məruz qaldığı itkilərin (faydalanan şəxsə) sığorta məbləğinin sığorta dəyərinə nisbətinə müvafiq hissəsini ödəməlidir. Müqavilə ilə sığorta ödənişinin sığorta dəyərindən yüksək olmayan daha yuxarı məbləği nəzərdə tutula bilər.