Bonus-malus
Sözün izahı
Misal: Avtomobil sahibi 80 manat sığorta haqqı ödəməklə öz mülki məsuliyyətini (yəni avtomovillə başqalarının əmlakına zərər vuraraq borclu qalması) bir il müddətinə sığorta etdirmiş və həmin müqavilə ilində avtomobillə heç kəsə zərər vurmamışdır. Bu faktı nəzərə alan sığortaçı növbəti dəfə sığorta müqaviləsi bağlayarkən həmin sürücünün mülki məsuliyyətini sığortalamaq üçün 80 manat deyil, 75 manat sığorta haqqı alır və bildirir ki, hazırkı müqavilə ilində də heç bir sığorta hadisəsinin baş verməməsi halında növbəti il sığorta haqqı 70 manat olacaqdır. Başqa bir şəxs isə, əksinə əvvəlki sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə avtomobili ilə üçüncü şəxsə zərər vurmuş və sığortaçıdan sığorta ödənişi almışdır. Buna görə də onunla bağlanan növbəti sığorta müqaviləsində sığorta haqqı əvvəlki ildəkindən 5 manat artıq – 85 manat nəzərdə tutulmuşdur. Müəyyən hallardan asılı olaraq, sığortalıya güzəşt və ya əlavə ödəmələrin tətbiq edildiyi bu cür mexanizm bonus-malus adlanır.
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
Azərbaycan Respublikasının qanunvericiliyində ”bonus-malus” anlayışından istifadə edilməmişdir.
«Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli Qanunu,
maddə 17, bənd 8:
Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta olunanın təqsiri üzündən bir sığorta hadisəsi baş verdikdə yeni dövr üçün müqavilə bağlanarkən Qanunla müəyyənləşdirilmiş sığorta haqqı 10 faiz, iki və daha artıq hadisə baş verdikdə isə — 20 faiz artırılır.
Sığorta olunan bir il müddətində nəqliyyat vasitəsini qəzasız idarə etdikdə yeni dövr üçün müqavilə bağlanarkən Qanunla müəyyənləşdirilmiş sığorta haqqı 10 faiz, iki və daha artıq il qəzasız idarə edildikdə isə — 20 faiz azaldılır.
Beynəlxalq təcrübədən nümunə
Qazaxıstan Respublikasının 2003-cü il 1 iyul tarixli “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunu, maddə 19:
Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin bağlanması ilə əlaqədar ödənilməli olan illik sığorta haqqının hesablanması üçün… əvvəlki müqavilənin qüvvədə olduğu dövr ərzində mülki məsuliyyəti sığortalanmış şəxsin təqsiri üzündən sığorta hadisələrinin baş verib-verməməsindən asılı olaraq tətbiq edilən əmsallar (“bonus-malus” sistemi)…