BİZNES

Çin Azərbaycanda avtomobil şinləri istehsal edəcək - MEMORANDUM İMZALANDI

 İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin nümayəndələri ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Bİ"yə verilən məlumata görə, nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində önəmini vurğulayıb.

Qeyd olunub ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, investisiya qoyuluşlarının və ticarət əlaqələrinin genişləndirilməsinə müsbət töhfəsini verir.

Azərbaycanın Çinin “Bir kəmər - Bir yol” strategiyasını dəstəkləyir. Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış Anlaşma Memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı, Çin şirkətlərinin “Trans-Xəzər Tranzit Dəhlizi”ndən istifadəsi üçün geniş imkanlar açır.

Nazir qeyd edib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20% artıb. Bu ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 848,9 mln. ABŞ dolları təşkil edib. 2017-ci ildən Azərbaycanın Çində ticarət nümayəndəsi fəaliyyət göstərir ki, bu, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyətlidir. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 50%-i Azərbaycanın payına düşür. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti və digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkət fəaliyyət göstərir. “Çin Milli Elektrik Mühəndisliyi Ko., Ltd” (CNEEC) şirkətinin də Azərbaycanda iş təcrübəsi var və müxtəlif layihələrin icrasında iştirak edib.

CNEEC-in vitse-prezidenti Zheng Chengjun şirkətin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib və ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycana növbəti səfər zamanı Çin nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlığa dair bir sıra görüşlər keçirib, Sumqayıt Kimya Sənaye Parkında olub. Zheng Chengjun CNEEC-in Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb, bu məqsədlə ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihəyə dair təqdimat keçirib.

Görüşün sonunda “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “CNEEC” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department