Azərbaycanda mənzillərin qiymətləri optimallaşdırılacaq
Havalar isindikcə daşınmaz əmlak bazarında da müəyyən canlanma müşahidə edilir. Yay mövsümündə adətən dənizkənarı ərazilərdə bağ evləri kirayə götürənlərin sayı artır, bunun üçün ölkə xaricindən də gələnlər də olur. Bəs görəsən hazırda daşınmaz əmlak bazarında vəziyyət necədir?
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov deyib ki, daşınmaz əmlak bazarında qiymətlərdə ciddi bir dəyişiklik yoxdur.
“Xüsusilə yeni tikililərə çıxarışların verilməsi ilə əlaqədar görüləcək işlər artıq yeni tikililərdə mənzillərin qiymətinə təsir göstərməkdədir. Artıq növbəti aylardan etibarən Azərbaycanda daşınmaz əmlak bazarında sənədli yeni tikililərin təklifi artacaq. Bu isə öz növbəsində qiymətlər üzərində təzyiq formalaşdırır. Bu baxımdan da qiymətlərdə optimallaşdırma gedir. Digər istiqamət isə kirayə mənzil bazarı ilə bağlı olacaq”.
Rəşad Həsənov bildirib ki, kirayə mənzil bazarında da müəyyən dəyişikliklərin olması gözlənilir.
“Bakıda və ətraf rayonlarda müəyyən qədər kirayə qiymətlərində ucuzlaşma hiss olunacaq. Bununla yanaşı müəyyən istirahət zonanlarında, xüsusilə dənizkənarı yerlərdə - Mərdəkan, Şüvəlan, Novxanı, Pirşağı, Fatmayı və başqa yerlərdə bağların kirayə qiymətlərində artım müşahidə olunacaq. Demək olar ki, bu prosesə hazırlıq davam edir, indidən tələb formalaşmaqdadır. Ailələr öz qərarlarını qəbul edirlər və istirahət üçün bağ axtarışına çıxırlar. Tələbin formalaşması da qiymətlərə öz təsirini göstərməkdədir”.
İqtisadçının sözlərinə görə, bazarda aktivlik o qədər də yüksək deyil.
“Son iki-üç ayda çox ciddi passivlik hiss olunur. Bunu daşınmaz əmlak dəlları da təsdiqləyir, biz onlarla danışıqlar aparmışıq. Bu da sənədli yeni mənzillərin qiymətinin ucuzlaşması ilə bağlı proqnozlaşdırmadan ortaya çıxır. Digər tərəfdən isə əhalinin alcılıq imkanları çox aşağı düşüb. Bununla yanaşı bazarda yeni aktyorlar var. Aktyorlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir. Agentlikdən də bazara kütləvi şəkildə mənzillərin təklif edilməsi ehtimal olunur. Strategiyada ildə 3000 mənzilin təklifi müəyyənləşdirilib. Hələlik bu baş tutmasa da, növbəti aylarda aktivliyin nisbətən artması gözlənilir. Çünki iki yaşayış binası üzrə işlər tamamlanmaqdadır. Digər istiqamətlərdə də yeni layihələr başlanılıb. Digər bir məsələ isə İpoteka Fondu tərəfindən həyata keçiriləcək yeni layihə , yəni kirayə şərtləri ilə verilən mənzillərin sonda satılmasıdır. Bu da insanlarda gözləmə mövqeyinin artmasına gətirib çıxarır. Bu da passivliyi şərtləndirən əsas məsələlərdən biridir”.
Ekspert deyib ki, bazarda passivliyin qalıcı olmasına başqa səbəblər də təsir edir.
“Bir çox yerlərdə pilot layihə çərçivəsində köhnə binalar, evlər sökülüb yerində yeni bina inşa olunur. Əvvəllər sökülən mənzilin, obyektin yerinə pul verilirdisə indi indi mənzil verilir. Bu da bazarda aktivliyə təsir edən məqamlardandır”.