"Facebook" reklam izlənmələrinə görə istifadəçilərə ödəmələr edəcək
Keçən il kütləvi informasiya vasitələrində məlumat yayılmışdı ki, Facebook şirkəti kriptovalyuta sahəsi ilə maraqlanır və özünün kriptovalyutasını yaratmağı planlaşdırır. İndi isə The Wall Street Journal saytı öz mənbələrinə istinadən bunu təsdiqləyib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən Facebook-un layihəsi Project Libra adlanır artıq 1 ildən çoxdur ki, onun üzərində iş gedir. Öz ödəniş şəbəkəsində şirkət stablecoinlərdən istifadə etmək niyyətindədir. Bu, kriptovalyutanın xüsusi növüdür və onun məzənnəsi adi valyutanın məzənnəsinə bağlıdır. Nəticədə bu cür kriptovalyutanın məzənnəsi daha az dəyişkən olur.
Kriptovalyutanın stabilliyini isə investisiyalar təmin etməlidirlər. Beləliklə Facebook şirkəti bu layihəyə 1 milyarddan çox vəsait cəlb etmək niyyətindədir. Şirkət artıq Visa, Mastercard və First Data adlı ödəmə operatorları ilə danışıqlar aparır. Facebook həmçinin həmin kriptovalyutanın ticarət platformalarında alış-satış üsulu kimi qəbul olunması üzrə ticarət platformaları ilə əməkdaşlığı da müzakirə edir. Bununla belə məlumata əsasən satıcıların bu ödəmə sistemindən istifadə komissiyası adi komissiyadan daha aşağı olacaq. Bununla yanaşı şirkət aktiv istifadəçiləri öz kriptovalyutası ilə mükafatlandıracaq. Məsələn reklamların izlənməsi, alış-verişlərin edilməsi və s.
Facebook şirkətinin öz kriptovalyutasını nə zaman istifadəyə verəcəyi və ya ümumiyytlə istifadəyə verəcəyi barəsində heç bir məlumat yoxdur. Hələki bu layihə çərçivəsində olan bütün planlar və texnologiyalar sirr olaraq qalır. Facebook şirkətinin blockchain layihələr üzrə şöbəsinin təmsilçisi bütün bu məlumatlara fikir bildirməkdən imtina edib və sadəcə olaraq qeyd edib ki, digər şirkətlər kimi Facebook da blockchain texnologiyasının müxtəlif imkanlarını gözdən keçirdir.