Təyyarələrdə ASAN Wi-Fi quraşdırılacaq
“Bakıda yerləşən “ASAN Xidmət” mərkəzlərində, dəmiryol vağzallarında, hava limanlarında və bir sıra marketlər şəbəkəsində "ASAN Wi-Fi" şəbəkəsi istifadəyə verilib. Carı ildə də "ASAN Wi-Fi" şəbəkəsinin genişləndirilməsini və daha çox ərazilərdə istifadəyə verilməsini planlaşdırırıq”.
Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) sədrinin müavini Ceyhun Salmanov deyib.
Onun sözlərinə görə, regionlarda yerləşən “ASAN Xidmət” mərkəzləri də "ASAN Wi-Fi" ilə təmin ediləcək: "Bakıda bu, pilot layihə olaraq tətbiq edilib. Paralel olaraq isə müxtəlif iaşə obyektləri, hotellər, marketlərlə danışıqlar aparılır ki, "ASAN Wi-Fi" həmin yerlərdə istifadəyə verilsin. Hətta təyyarələrdə də "ASAN Wi-Fi" şəbəkəsinin quraşdırılması barədə planlar var. Hələlik bununla bağlı danışıqlar aparılır. Texniki baxımdan hər hansı problem qalmayıb. Sadəcə, layihənin səmərəliliyi ilə bağlı hesablamalar aparılmalıdır ki, nə dərəcədə effektivdir. Regionlarda 10 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. İlin sonuna kimi regionlarda daha 5 “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. Bu isə o deməkdir ki, vətəndaşlar regionlardakı 15 “ASAN Xidmət” mərkəzində quraşdırılacaq "ASAN Wi-Fi" şəbəkəsindən istifadə edə biləcəklər. Bakıda da 2 “ASAN Xidmət” mərkəzi istifadəyə veriləcək ki, bu mərkəzlərdə də "ASAN Wi-Fi" şəbəkəsinin quraşdırılması təmin ediləcək”, - C. Salmanov qeyd edib.