Bank

Güclü "kapital inyeksiyası” alan "AccessBank"da vəziyyət necədir? – HESABATIN TƏHLİLİ 

2019-ci ilin mart ayında səhmdarlarının tərkibi yenidən formalaşan “AccessBank” cari ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatın illik müqayisəsində bəzi maraqlı rəqəmlər var və BI olaraq həmin hissələri təhlil etməyə çalışacağıq.  

Üç ayda nə baş verib? 

İlk növbədə bankın bu ilin yanvar-fevral-mart ayları üzrə pul hərəkətini analiz etsək, 118 milyon 460 min manat həcmində adi səhmlər qeydə alınıb. Bu isə o deməkdir ki, bank kapitalını artırmaq üçün səhm emissiya edib və satılıb. 68 milyon manat müştəri hesablarında artım var. Digər aktivlərdə 27 milyon manatlıq azalma var, bunu balans hesabatında baxsaq, konkret maddələr üzrə açıqlanmasa da, digər aktivlər bəndi 75 milyon manatdan 49 milyon manata düşüb və adətən bu kateqoriyaya adətən daşınmaz əmlak və əvvəlcədən ödəmələr daxil olur.  Əmək haqqı və müavinətlərdə 8 milyon manatlıq bir azalma qeydə alınıb və demək ki, bankın işçi sayında kəskin azalma baş verib.  Bundan başqa, “AccessBank” 174 milyon manat 126 min manat həcmində xarici maliyyə qurumlarından cəlb edilmiş öhdəliklər üzrə ödəmə həyata keçirib. 

Aktivləri cüzi azalıb

Balans hesabatına baxsaq, 2019-ci ilin yanvar-mart aylarında bankın cəmi aktivləri illik müqayisədə 3% azalaraq 800 milyon 134 min manat olub. Aktivlərin 58,8%-ni və ya 470 milyon 830 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib və bu, bank sektoru üçün hazırki reallıqda müsbət göstərici hesab edilir, çünki ümumilikdə bankın kredit portfelinin payının aktivlərdə çox olması iqtisadi səmərəlilik baxımından daha yaxşı göstəricidir. İllik müqayisə aparsaq, həcm baxımından bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% azalıb, aktivlərdə yeri isə 59,5 faizdən 58,8 faizə enib və bu, elə də böyük bir dəyişiklik deyil və yuxarıda qeyd etdiyimiz kimi kreditləşmədə aktiv olduğunu göstərir.  

Aktivlərin tərkibində bankın nağd vəsaitləri 40 milyon 213 min manat, Mərkəzi Bankda müxbir hesabları 50 milyon 12 min manat, “Nostro” hesabları 28 milyon 596 min manat təşkil edib. Bu göstəricilərdə müvafiq olaraq, təxminən 35 milyon və 19 milyon manat həcmində azalma baş verib. 

“AccessBank”ın aktivlərində diqqət çəkən məqamlardan biri bankın digər maliyyə müəssisələrinə olan depozitlərinin həcmidir. Belə ki, 2018-ci ilin birinci rübündə bank digər maliyyə müəssisələrində depozit yerləşdirməyib. Lakin cari ilin birinci rübündə bu göstərici 70 milyon 71 min manat olub. Demək, bank əlavə gəlir əldə etmək üçün bu məhsuldan da istifadə etməyə başlayıb. 
 

Bankın zərəri 8,6 dəfə artıb

BI” Bankın mənfəət və zərər hesabatına əsasən xəbər verir ki, cari ilin birinci rübündə bankın faiz gəlirləri 22 milyon 969 min manat, faiz xərcləri 12 milyon 777 min manat, qeyri-faiz gəlirləri 22 milyon 388 min manat, qeyri -faiz xərcləri isə 15 milyon 241 min manat təşkil edib. Bank əməliyyatdan 17 milyon 339 min manat mənfəət əldə edib.

“AccessBank” Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata 91 milyon 939 min manat ayırıb. Bu da bankın vaxtı keçmiş kreditlərin həcminin artmasından xəbər verir. Bank 2019-ci ilin birinci rübünü 74 milyon 600 min manat zərərlə başa vurub. Halbuki, ötən ilin birinci rübündə zərəri 8 milyon 601 min manat idi.

Öhdəlikləri 8,2% azalıb

“AccessBank”ın cəmi öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 milyon 501 min manat azalaraq 702 milyon 407 min manat olub. Bankın depozit portfeli illik müqayisədə 33,1% artaraq 570 milyon 112 min manata çatıb. “AccessBank” digər maliyyə müəssisələri ( banklardan başqa) öhdəliyin ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azaldaraq 55 milyon 337 min manat edib.

“AccessBank”ın 2019-ci ilin 31 martında cəmi kapitalı 97 milyon 727 min manat, məcmu kapitalı 89 milyon 799 min manatdır.  Məcmu kapitalın adekvatlıq əmsalı isə 10 faiz normaya qarşı 14.05 faiz təşkil edir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department