Avtomobil

“VAZ”lar, “QAZ”lar və qırılanlar

Tural Yusifov yazır...
 
Məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə, Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə, 8 nəfər ölüb, 1 nəfər yaralanıb. Yəqin, bu xəbəri eşitmisiniz. Bu, böyük faciədir. 8 nəfərdən 2-si də uşaqdır.  İndi isə avtomobillərin markalarına diqqət edək. “VAZ” - istismar müddəti bitmiş, təhlükəsizlik normaları olmayan dəmir tabut. Bəs, nə üçün bizdə köhnə avtomobillər çoxluq təşkil edir?

Rəqəmlər yalan danışmır.
 

Gəlin, ilk olaraq rəqəmlərlə danışaq. Ölkəyə daxil olan avtomobillərin sayı və istehsal ili. Mən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə avtomobil parkının son 4 ildə yaşı ilə bağlı sorğu göndərmişəm. Aldığım cavab və rəqəmlər məni şoka saldı. 2014-cü ildə avtoparkımızda 1.100124 avtomobildən 186652-i yaşı 5 ilə qədər olan avtomobillər idi isə, 2017-ci ildə bu rəqəm 102876 olub.

5 ildən 10 ilə qədər yaşı olan avtomobillər 186652 ədəddən 213830-a, yaşı 10 ildən yuxarı olan avtomobillər isə 681783-dən 830731-ə qədər artıb.

Rəqəmlər nə deyir?

Yeni avtomobillər azalıb, köhnə avtomobillər artıb. Köhnə avtomobillər daha təhlükəli, ekoloji normalara uyğun olmayan və dəmir yığımından başqa bir şey deyil. 2018-ci ilin məlumatlarında isə yaşı 10 ildən artıq olan avtomobillərin sayı çox güman ki, 1 milyonu keçəcək.

1 300 000 avtomobilin 1 milyonunun yaşı 10 ili keçir. Ona görə hər baş verən yol nəqliyyat hadisəsində ən azı 1 nəfər yaralanır və ya həlak olur.

Heç utanmadınız?

ABŞ-ın məşhur “Amazon prime” video portalının “The Grand Tour” layihəsinin bir bölümü Azərbaycanda çəkilib. Həmin çəkiliş zamanı layihənin aparıcısı Ceremi Klarkson veriliş boyu rayon yollarında şütüyən avtomobilləri sayır - “Lada, Lada, Lada. Yenə də Lada”. Həmin kadrlara baxanda mən utandım. Avtoparkımıza görə utandım. İnsanlar yeni avtomobillər almalıdırlar. Amma necə? 

Gömrük, gömrük və yenə də gömrük.

Bu ilin yanvar ayının 1-dən ölkəyə gətirilən avtomobillərin mühərrik həcminə görə aksiz vergisi artırılıb. Beləliklə, 2 litr həcmində olan avtomobillərdə 200 manat, 2.2 litr həcmində olan maşınlarda 600 manat, 2.5 litr həcmində olan maşınlarda 1200 manat, 3 litr həcmində olan maşınlarda 2200 manat, 3.5 litr həcmində olan maşınlarda 3700 manat, 4 litr həcmində olan maşınlarda 7200 manat, 4.5 litr həcmində maşınlarda 14700 manat, 5 litr həcmində olan maşınlarda isə 22200 manat artım baş verib. Artımı ölkəyə kiçik mühərrikli avtomobillərin gətirilməsi və Neftçalda yığılan avtomobillərin istehsalı məqsədi ilə daxili bazarı qorumaq səbəbi ilə əsaslandırırlar.

Amma:

1. Ölkəyə idxal edilən yeni avtomobillərin hamısı Euro 6 standartına cavab verir, amma ölkədə yanacaq Euro 6 deyil.

2. Ekoloji standartı yüksək götürürüksə, hibrid avtomobillər üçün rüsumu ən aşağı dərəcədə qoymalı, elektrik avtomobillərini isə istənilən vergidən azad etməliyik.

3. Neftçala avtomobil zavodu ehtiyacı tam qarşılaya bilməz. Ən azından DGK əməkdaşları özləri həmin avtomobilə keçməyiblər.

Nəticədə:

1. Ölkəyə yeni avtomobil idxalı azalıb.

2. İkinci əl avtomobil daxili bazarı zəifləyib.

3. Gömrük rəsmiləşdirilməsindən keçməyən, xarici vətəndaşlara məxsus, amma etibarnamə əsasında Azərbaycan vətandaşında olan avtomobillərin sayı artıb.

4. Ölkəmizə ekoloji normalara cavab verməyən, xüsusən dizel mühərrikli avtomobillər daxil olub.

5. Ekologiyanı da qoruya bilmirik, vergi də almırıq.

Nə etməli?

1. Mühərrik həcminə, istehsal ili və mənşə ölkəsinə görə gömrük rüsumu ödənilirsə, mühərrik həcminə görə aksiz vergisi olmamalıdır.

2. Aksiz varsa, mühərrik həcminə görə gömrük rüsumu olmamalıdır. Sahibkar bir yeni avtomobilə görə 7 növ rüsum ödəyir.

Aksiz vergisi, mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu, əməliyyat haqqı, vəsiqə haqqı, ƏDV, Elektron gömrük xidmətinin göstərilməsinə görə, elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV...

Bu ödənişlərlə kim yeni avtomobil gətirməkdə maraqlı olar?

Bu, həm də Yol hərəkəti təhlükəsizliyi haqqında dövlət proqramına ziddir. Məhz stimullaşdırma  dövlət proqramının 7.3.2-ci bəndi, 7.3.3-cü bəndinin əsas müddəasıdır. Proqrama əsasən 2019-2020-ci illərdə qanunveriilik bazası mükəmməlləşdirilməlidir.

İl 2019-dur və hələ də - 5 aydır sahibkarlar yeni avtomobili daha az gətirir, vətəndaşlar yüksək vergilərdən yayınmaq üçün köhnə avtomobillər gətirirlər. Ziyanı sahibkar, vətəndaş və dövlət çəkir. 

3. Yeni avtomobil gətirən sahibkara və vətəndaşa güzəşt tətbiq edilməlidir.

Sanki kimsə mane olur.

Sahibkar yeni avtomobili gətirdi, vətəndaş isə yeni avtomobil almaq istəyir, amma ala bilməyəcək. Çünki 40 faiz ilkin ödəniş lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının bu qərarı avtomobil kreditləşməsinin qarşısını alır.

Bu qərarın problemli kreditlərlə bağlı verildiyi deyilirdi.

Bəs görəsən, problemli kreditlərin neçə faizi avtomobil kreditinə düşürdü? Bunu hesablamadan bu qərarı vermək nə dərəcədə doğru idi?

40 faiz ilkin ödəniş çox yüksək məbləğdir. Hələ burada bank faizlərini də nəzərə alın. Ona görə vətəndaşlar xaricdən köhnə avtomobillər almaq qərarına gəldilər. Bu, həm də könüllü sığorta bazarına təsir edir. Heç kim yaşı 10-dan artıq olan avtomobili sığortalamaz. Hamı yeni avtomobili sığortalamaq istəyər. Minimum 40 faiz ilkin ödəniş isə avtomobil bazarına müsbət yox, mənfi təsir göstərdi.

Sahibkar pul xərcləyib avtomobil gətirir, amma avtomobilini alan yoxdur. Çünki alıcıya 40 faiz ilkin ödəniş sərf etmir. O, avtomobilin 40 faizlik ilkin ödənişinə ikinci əl avtomobil ala bilər. Hələ pulu artıq da qalar. Nəticədə yenə avtomobil parkımız köhnə olaraq qalır. Xatırladım ki, bu rəqəm 1 milyon civarındadır.

Nə etməli?

1. Kommersiya strukturu olan bank və avtomobil dileri öz aralarında bazar qaydalarına uyğun olaraq razılaşıb, ilkin ödənişini və illik faizi müəyyən etsinlər.

2. MBNP isə yalnız nəzarətçi rolu oynayıb, riskli və şübhəli anlaşmalar zamanı müdaxilə etsin.

Hər kəs yeni avtomobil arzusundadır. Heç kim kefindən köhnə avtomobil idarə etmir. Yeni avtomobillərin alışını isə dövlət stimullaşdırmalıdır. Heç kim dövlətdən əlavə pul və ya subsidiya istəmir. Sadəcə rüsumlar və ödənişlər ağlabatan və əlçatan olmalıdır. 

Ola bilər ki, müvafiq orqanların əməkdaşları yazdıqlarıma dodaq büzərlər, amma həyat bir bumeranqdır. Mane olduğunuz bu məsələnin nəticəsində, bir gün 20 ilin “VAZ”ı və ya “QAZ”ı sizin avtomobilə çırpılacaq və o zaman qırılanları və onların ailəsini başa düşəcəksiniz. Sadəcə, onların yerinə olmağı sizə arzu etmirəm. Arzu edirəm ki, sizin də, lap elə Mehdiabadda yaşayan Əhməd kişinin də yeni avtomobili olsun.

 
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)