Aqrar

Subsidiyaların ödənilməsi elektron sistem vasitəsilə təmin olunacaq

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması dövlət xidmətlərinin daha çevik, daha əlçatan olmasını şərtləndirir. Yəni, baytarlıq və fitosanitar xidmətlər, kreditlərin alınması, müraciətlərin ünvanlanması, vergilərin ödənilməsi mobil qurğular vasitəsilə həyata keçirilir. Ən əsası isə odur ki, gələn ildən subsidiyaların ödənilməsi bu sistem vasitəsilə təmin olunacaq.

Bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Zaqatalada keçirilən vətəndaş qəbulu zamanı jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, fermerlər ən çox subsidiyaların ödənilməsi ilə bağlı şikayət edirlər: “Subsidiyaların əldə edilməsi zamanı xeyli bürokratik əngəllər yaranır. Sənədlərin toplanması, təsdiq edilməsi, yerli icra nümayəndəliyi, rayon və respublika səviyyəsində ona baxılması xeyli vaxt aparır. Fermerlər istəyirlər ki, onlara düşən subsidiyaları daha qısa müddətdə, bürokratik əngəllər olmadan əldə etsinlər”.

Nazir İnam Kərimov bildirib ki, hazırda bütün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vətəndaşlara vahid pəncərə, çeviklik və şəffaflıq prinsipləri əsasında 70-dək xidmət göstərilir. Bu gün ən prioritet xidmətlərdən biri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılmasıdır. Artıq bütün rayonlarda fermerlər öz təsərrüfatlarını elektron qaydada qeydiyyatdan keçirirlər.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin çox böyük faydası olduğunu vurğulayan İnam Kərimov deyib: “Artıq fermerlərin, istehsal vasitələrinin düzgün qeydiyyatı aparılacaq, onların istehsal etdikləri məhsulların proqnozlaşdırılması, planlaşdırılması həyata keçiriləcək. Layihənin ən böyük üstünlüyü ondadır ki, fermer öz fəaliyyətini bazarın tələblərinə uyğun planlaşdıra biləcək”.

Dövlət Aqrar İnkişaf mərkəzlərində könüllülük fəaliyyətinin geniş vüsət aldığını bildirən İnam Kərimov deyib: “Gənclərimiz aqrar sektora böyük maraq göstərirlər. Artıq kənd təsərrüfatı gənclər üçün cəlbedici bir sahəyə çevrilib. Biz bu gənclərin əldə etdiyi təcrübə sayəsində aqrar sektorun inkişafına nail olacağıq, bu könüllülər gələcəkdə aqrar sektorda çalışacaqlar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)