Avtomobil

Azərbaycanda benzinə alternativ yaranır - 200 MİLYONLUQ QƏNAƏT

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanda avtomobillərin gələcəkdə təbii qaza (CNG) keçməsinin üstünlükləri ilə bağlı araşdırma aparıb. 

"Businessinsider.az" həmin araşdırmanı təqdim edir: 

Azərbaycanın qaz ölkəsi kimi yaşı çox olsa da, qazdan nəqliyyatda istifadə təcrübəsi bu onilliyin ortasına təsadüf edir…

Yəqin çoxlarının yadındadır. Azərbaycan 2015-ci ildə dünyada ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşırdı. Hökumət çalışırdı ki, Bakıda keçiriləcək bu beynəlxalq tədbir təkcə masştabına və təşkilatçılığına görə tamaşaçıların yaddaşında iz buraxmasın, həm də idman arenalarına tamaşaçıları ən müasir nəqliyyat vasitələri ilə daşımaqla onları sevindirə bilsin. Beləliklə, o zaman ilk dəfə Azərbaycan vətəndaşları kondisioner quraşdırılmış ictimai nəqliyyatdan istifadə etdilər.

Ancaq bir vacib yenilik də vardı o zaman. Bu da Fransadan gətirilmiş “İVECO” markalı avtobusların dizellə yox, təbii qazla işləməsi idi. Özü də bir çoxlarının Sovet dönəmindən adət etdikləri “balon qazı” (LPG) ilə deyil, təbii qazəla (Compressed Natural Gas, “CNG”) işləməsi. Azərbaycan rəhbərliyinin bu seçimi təkcə EKOLOJİ məsələlərlə məhdudlaşmırdı, həm də kommersiya baxımından yüz dəfə ölçülüb-biçilmiş hesablamalardan qaynaqlanırdı. 

Bakı kimi əhalisi sıx olan bir şəhərdə ekologiyanın yaxşılaşdırılması son 10 ildə hökumətin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Və bu yöndə atılan addımlar bunun bariz nümunəsidir. Ona görə də artıq ciddi şəkildə paytaxtda havanın çirkləndirilməsinin qarşısını almaq yönümündə ilk addımı atmaq zamanı gəlib çatmışdı.

Azərbaycandakı avtomobillərin sayı və ekoloji faktorlar

Rəsmi statistikaya əsasən, 2019-cu il 1 yanvar tarixinə Azərbaycan Respublikasında 1 milyon 370 min 574 ədəd nəqliyyat vasitəsi qeydə alınıb. Bunun:

• 1 milyon 170 min 672 ədədi minik avtomobilləri

• 147 min 343 ədədi yük avtomobilləri

• 30 min 704 ədədi isə avtobuslardır.

Yerdə qalanlar isə motosikletlər və xüsusi hərəkət edən texniki vasitələr olub.

Yük avtomobilləri parkının 86%-nin yaşı 10 ildən yuxarı olan avtomobillərdir ki, bunlar da yanacaq kimi dizel işlədirlər. Ölkədəki avtobusların 80%-I istismarda 10 ildən yuxarı müddətdə istismar edilirlər və onların ümumi sayı 24 min 620 ədəddir, dizel mühərriklidirlər. Yaşı 5 ilə qədər olan avtobusların sayı 1660 ədəd təşkil edib ki, bu da avtobus parkının 5%-I deməkdir.

Azərbaycandakı minik avtomobillərinin təqribən 90%–ə yaxını benzin mühərrikli avtomobillərdir. Minik avtomobillərinin 77%-i və ya 896 min 307 ədədi istismarda 10 ildən yuxarı olan nəqliyyat vasitələridir. Yəni Azərbaycan yollarında şütüyən hər 8 avtomobildən biri real olaraq YAŞLI NƏSİL kateqoriyalı avtomobildir. 5-10 il istismar müddətli avtomobillərin sayı 202 min 99 ədəd olub ki, bu da minik avtomobil parkının 17%-ni təşkil edib. Yeni  kateqoriyalı avtomobillər sırasında isə (istismar müddəti 5 ilədək) 72 min 266 ədəd və ya minik avtomobilləri parkının cəmi 6%-ni təşkil edən avto nəqliyyat vasitəsi olub.  

Azərbaycan avtomobil bazarının ilkin təhlili nəyi göstərir? 

Bazarda texniki imkanlarına görə müasir (AVRO-5, AVRO-6) ekoloji standartlara cavab verməyən avtomobillərin sayı həddən ziyadə çoxdur. İkincisi, Azərbaycanda istehsal edilən yanacaq ekoloji standartlarına görə” Avro-2” tələblərindədir. Ancaq hazırda inkişaf etmiş ölkələr artıq “Avro-6” ekoloji standartlar tətbiq edirlər, region ölkələrinin (Türkmənistan, Qazaxıstan və Rusiya) neftayırma zavodları isə “Avro-5” standartlarında yanacaq istehsal edirlər.

Düzdür, Azərbaycan 2014-cü ildən “Avro-5” standartında “Premium”  markalı benzin idxal edir. Ancaq gəlin statistikaya diqqət yetirək. 2018-ci ilin yekunlarına görə, Azərbaycan 57 min 718 ton “Premium” markalı (Ai-95) benzin idxal edib. İdxal 14% artıb və  Rusiya, Bolqarıstan, Rumıniya kimi ölkələlərin neftayırma zavodlarından həyata keçirilib.

2018-ci ildə  Azərbaycan Super markalı (Ai-98) benzindən isə cəmi 1 min 104 ton idxal edib. 2017-ci illə müqayisədə  idxal 24,1% azalıb. Əsasən idxal Belarusdan edilib.  

“Avro-5 “standartlı benzinin istehlak həcminə görə fikir yürütmək olar ki, hazırda 1,3 milyonluq avtoparkı olan Azərbaycanın avtoparkında müasir və ekologiyaya minimal ziyan vuran avtomobillərin sayı təqribən 25-30 min arasındadır.

Belə bir göstərici hökumət qurumları üçün çox ciddi siqnal olmalıdır. Hökumət gələcək fəaliyyəti üçün Azərbaycan bazarına başqa ölkələrdə ekoloji baxımdan arzuedilməz avtomobillərin ölkəmizə idxalını ya dayandırmalı, ya da həmin avtomobillərə rüsumları həddən ziyadə yüksəltməli, əksinə “yaşıl” kateqoriyalı avtomobillərin idxalı və satış imkanları stimullaşdırılmalıdır.

Vəziyyətdən çıxış: elektromobil ya CNG?

Azərbaycanda avtomobil istehlakçıları niyə ekoloji baxımdan yüksək standartlara cavab verən yanacaqdan, yəni idxal edilən benzindən istifadə etmirlər?

Cavab kifayət qədər sadədir. Orta azərbaycanlı üçün “Premium” markalı benzin bu gün əlçatan deyil: hətta Avropa modelli avtomobillər üçün çox saylı istehlkçılar yerli istehsal olan “Ai-92” markalı benzindən istifadə edirlər, baxmayaraq ki, özləri də hiss edirlər ki, bununla yanacaq sərfiyyatı texniki pasportun göstəricilərindən xeyli artmış olur (avtomobilin yanacaq sisteminə sonradan vurulan ziyanın nəticələrini nəzərə almasaq belə).

İkincisi, Azərbaycanda ekoloji baxımdan ən yüksək standartlara cavab verən, ən az yanacaq sərfiyyatı olan yeni avtomobillərin idxalı ilə bağlı hansısa stimullaşdırıcı amillər elə də nəzərə çarpacaq səviyyədə deyil. Nəticədə əhalidə maraq innovativ texnologiyalı  avtomobillərə deyil, fiziki və mənəvi köhnəlmiş avtomobillərə olur.

Üçüncüsü, ölkədə “Avro-5” standartlarına cavab verəcək benzin istehsalı yubanır. Ölkədə yanacaq istehsalçısı olan Heydər Əliyev adına neft email zavodunun modernizasiyası 2021-ci ilin ortasında başa çatacaq. Ancaq onun test rejimindən real işçi rejimə keçirilməsi üçün müəyyən vaxt gərək olacaq. Bu baxımdan yerli istehlakçılar ekoloji baxımdan müasir standartlara cavab verən yanacağı 2022-ci ilə yaxın əldə edə biləcəklər.

Nəhayət, postmodernizasiya dövründə istehsal olunan Ai-93 markalı benzin 90 qəpik olacaqmı? Hazırda idxal edilən 95 markalı benzinin qiymətinin azalma ehtimalı var. Yəni o 1,25-1,30 manat ola bilər – nəqliyyat xərclərini və topdansatış marjasını çıxdıqdan sonra. Ancaq “Avro-5” markalı” Ai-93” ilə “Avro-2” markalı benzinin eyni qymətə olması sadəcə mümükünsüzdür. O baxımdan ki, zavodun modernizasiyasının kapital xərcləmələri hazırkı dəyərləndirmə ilə 3,8 milyard manatdır. Bu vəsaitin geri qaytarılma mənbəyi neft məhsullarının satışı hesabına baş verməlidir. Onun da bir hissəsi ixracdan qaynaqlanacaqsa, digəri daxili bazardakı satış hesabına həyata keçirilməlidir.

Təbii qaz (CNG) nəqliyyat sektorunun alternativ yanacağı rolunda

Bu o deməkdir ki, Azərbaycanın benzin bazarının 95%-ni əlində cəmləşdirən hazırkı “Ai-92” markalı benzinin qiymətləri dəyişdiyi təqdirdə istehlakçıların benzinə alternativ olan yanacağa marağı daha da artacaq.

Başqa bir tərəfdən dizelin qiyməti də təbii ki, hazırkı qiymət seqmentində qala bilməz və artıma meylli olacaq.

Dizel yanacağından ən çox istifadə edən isə ictimai nəqliyyat və kommersiya sektorudur.

Bahalı yanacaq əlçatan olmayanda ucuza meylli olan istehlakçı heç zaman ənənəvi avtomobili buraxıb elektromobil arzusu ilə yaşamaz. Cavab yenə sadədir – elektromobillər həm xarici bazarda, həm də yerli bazarda bahalıdırlar…

Bu baxımdan Azərbaycanda hazırda elketromobillərin qısa və orta perspektivdə belə inkişafı sadəcə utopik bir məsələdir. Bundan əlavə, onların idxalı ilə bağlı heç bir stimul yoxdur, əhali arasında onların təbliği ilə bağlı hansısa iş aparılmır.

Demək, çıxış yolu kimi optimal seçim təbii qazla işləyən avtomobillərin sayının artımına nail olmaqdır.

Burada da maarifləndirməyə böyük ehtiyac var – çünki insanların böyük əksəriyyəti üçün təbii qazla işləyən avtomobil dedikdə 90-cı illərdə bəzi avtomobillərin kustar üsullarla baqaj yerlərdə quraşdırdıqları qaz balonları yada düşür və bunun təzahürləri kimi bir çəkindirmə amili var. Ancaq dünya sürətlə dəyişir. İndi çoxdandır dünyada avtonəqliyyatda CNG tətbiq edilir.

Əgər bu ilin əvvəlinə dünyada  6 milyon ədəd elektomobil vardısa, CNG ilə işləyən avtomobillərin sayı artıq 27 milyona yaxınlaşıb.

Proqnozlara görə, 2020-ci ildə təbii qazla işləyən avtomobillərin sayı dünyada 50 milyon, 2030-cu ildə isə 100 milyonu ötəcək.

Nəyə görə CNG ilə işləyən avtomobillərin sayında belə yüksək artım dinamikası müşahidə edilməkdədir və proqnozlar daha optimistikdir? Əsas iki faktora görə, birincisi, iqtisadi baxımdan geniş istehlakçı təbəqəsinə daha əlçatan olmasına və ikinci ən mühüm faktor – ətraf mühitə minimal təsirlərinə görə. Artıq Avropanın inkişaf etmiş ölkələri bu gün belə dizeldən imtina etmək strategiyasını ortaya qoyublar. Alternativ kimi isə seçimlərini təbii qaza ediblər.

Bu baxımdan Azərbaycan kimi təbii qazla zəngin bir ölkənin nəqliyyat sektorunda CNG-dən istifadəni genişləndirməsinin aydın perspektivləri mövcuddur.

CNG üstünlüklərinin əsas səbəbi qazın emal prosesinin sadə və xərclərin az olmasıdır ki, bunun da bəhrəsini eyni zamanda istehlakçı hiss edir.

İkincisi, bu gün yerli bazarda baza model sedan avtomobillərin CNG qurğusu ilə təchiz edilməsinin orta qiyməti 1200 manata başa gəlir. Yerli bazarda bu sahədə monopoliya mövcud deyil. 

Hazırda 6 özəl şirkət bazarda bu sahədə öz xidmətlərini təklif edirlər: CNG Autoqaz, METAQAZ, Vikars, Brend Autogaz, Ekogas və Evroqaz.

NƏTİCƏ

CNG-nin tətbiqi  yanacaq bazarının diverkafikasiyasının və ölkə enerji təhlükəsizliyin mənbəyidir.

CNG yanacağı benzin, dizel və LPG-nən müqayisədə ekoloji cəhəddən əhəmiyyətli dərəcədə təmizdir.

CNG yanğın riski sinifinə görə ən təhlükəsizdir və beynəlxalq standatlaşmaya görə, LPG və benzindən sonra qərarlaşıb.

ABŞ Energetika Nazirliyinin açıqlamasına görə, CNG-nin 1 kub metrindən əldə edilən enerjinin miqdarı 1 litr benzinin yaratdığı enerjidən 8% yüksəkdir.

Azərbaycanın təbii qaz ehtiyatları ilə zəngin ölkə olduğunu nəzərə alaraq alternativ yanacaq qismində CNG-nin tətbiqi ölkənin ənənəvi neft məhsullarından asılılığının azalmasına gətirib çıxarar, onların ixracı və ya emalı isə ölkənin əlavə qazanc mənbəyinə çevrilər.

Yəni Azərbaycanda CNG-nin satışı istehlakçıya qənaət, istehsalçıya isə əlavə gəlir imkanları yaradır.

Hesablamalara görə, Azərbaycanın gələcəkdə avtomobil parkının 10%-nin qaza keçirilməsi nəticəsində atmosferə atılan karbon oksidlərin tullantılarının həcmlərini ildə ən azı 150 min ton, azot oksidlərinin – 2 min ton, karbohidrogen – 1 min ton, kükürd oksidlərin tullantıları isə – 50 ton azalmasına nail olmaq mümükündür.

Bazarın təhlili göstərir ki, kommersiya baxımından isə 10% avtoparkın CNG-yə keçirilməsi Azərbaycanın avtomobil istehlakçıları üçün ildə 200 milyon manata qədər qənaət deməkdir ki, bu vəsait iqtisadiyyaın müxtəlif sahələrinə yönəldilərək yeni yeni əlavə dəyər yaratmaq imkanları açar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)