Bill Gatesin sərvəti 100 milyard dolları ötüb
Microsoft kompaniyasının qurucusu Bill Qeytsin (Bill Gates) varidatı 1999-cu ildən bəri ilk dəfə olaraq 100 milyard dollar həddini ötüb.
Bu barədə Forbes jurnalı məlumat yayıb. “Bill Qeytsin var-dövləti bu həftə 100 milyard dolları ötüb. Bu, maliyyə hesabatının buraxılması ərəfəsində (hesabat aprelin 24-də dərc olunacaq) kompaniyanın səhmlərinin bahalaşması sayəsində baş verib”, – məlumatda belə deyilir.
Cümə axşamı günü Microsoftun səhmlərinin qiyməti maksimum səviyyəyə çataraq bir səhm üçün 123,52 dollara yüksəlib. Həftənin əvvəlindən səhmlər 2 faiz bahalaşıb.
Forbes Qeytsin varidatını 100,61 milyard dollar həcmində qiymətləndirir. O, dünyanın ən varlı insanları siyahısında varidatı 152,95 milyard dollar təşkil edən Amazon kompaniyasının başçısı Ceff Bezosdan sonra ikinci yerdədir.