Bank

Ehtiyatları 3 dəfə azaltdı, mənfəəti 2 dəfə artdı: Kapital Bankın hesabatı 

Azərbaycanın ən böyük banklarından olan “Kapital Bank” 2019-cu il üzrə ilk hesabatını açıqladı. 

 

Aktivlərdə kredit portfelinin payı artıb


Hesabata görə, bankın aktivləri 3 milyard 584 milyon 384 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Aktivlərin tərkibinə nəzər salsaq, 1 milyard 322 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir, bu isə təxminən aktivlərin 37%-ni təşkil edir. Müqayisədə isə son bir ildə bankın kredit portfeli 27,4% artıb, aktivlərdə tutduğu pay isə 33%-dən 37%-ə qalxıb. Əlbəttə, bu müsbət tendensiyadır və kreditləşmədə aktivliyin yarandığını göstərir. Bankın “Nostro”, müxbir hesabları da daxil olmaqla nağd vəsaitlərinin aktivlərdəki payına baxsaq, bu 644 milyon 409 min manat təşkil edir, təxminən 20%-ə yaxındır.  “Kapitalbank” başqa maliyyə qurumlarına və banklara 582 milyon manat depozit qoyub, 45 milyon dəyərində banklara kredit verib, pulunun 820 milyon manatını qiymətli kağızlara yatırıb.  

 

Depozitləri nəyin hesabına artıb? 
 

“Kapital Bank”ın öhdəlikləri 8,5% artaraq 3 milyard 162 milyon 903 min manata çatıb. Bunun 2 milyard 700 milyon 441 min manatı müştərilərdən alınmış depozitlərdir. İl ərzində Bankın depozit portfeli 10,7% böyüyüb. Bank depozitlərə yüksək faizlər təklif etməsə də etibarlılıq və dayanıqlıq imici ilə bağlı Azərbaycanda depozit portfelinin böyük olması ilə seçilir.  
Ötən ilin eyni dövrü ilə müqayisədə yalnız Mərkəzi Bankın “Kapital Bank”a qarşı 500 min manat həcmində öhdəliyi yaranıb.  
Hesabat dövründə bankın balans kapitalı isə 67,4% artaraq 421 milyon 481 min manat, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 225,85 milyon manat təşkil edib.

 

Mənfəəti 2 dəfə çoxdur


“Kapital Bank” bu ilin yanvar-mart aylarında 47 milyon 626 min manat xalis mənfəət əldə edib və bu, ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur.


“Kapital Bank”ın gəlirləri 129 milyon 334 min manatdır. Gəlirlərin tərkibində faiz gəlirləri 93 milyon 296 min manat, qeyri-faiz gəlirləri 36 milyon 38 min manat olub. 


Xərcləri 62 milyon 768 min manatdır: faiz xərcləri 16 milyon 433 min manat, qeyri-faiz xərcləri 46 milyon 335 min manat, xüsusi ehtiyatlara ayırmaları 6 milyon 505 min manat, mənfəət vergisi ödəmələri isə 12 milyon 435 min manat təşkil edib.


Mənfəətin bu qədər artmasının səbəblərinə gəlincə, faiz gəlirləri yüksəlib, faiz xərcləri azalıb və nəticədə xalis faiz gəliri 54 milyon manatdan 76 milyon manata yüksəlib. Xüsusən də aktivlər üzrə mükün zərərlərin ödənilməsinə ayrılan ehtiyatların həcmi birdən-birə 15 milyon manat azaldılıb. Belə ki, 2018-ci ilin birinci rübündə bank 21 milyon 999 min manat ehtiyat tutmuşdusa, 2019-cu ilin birinci rübündə bunu 6 milyon 505 min manata salıb, başqa sözlə 3 dəfədən çox azaldıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department