Qəbələdə 700 hektaradək yeni fındıq bağları salınacaq
Qəbələ rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 7 min 148 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 125 ton artıb.
"Bİ" xəbər verir ki, bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, dövlətimizin başçısının kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlər Qəbələ rayonunda da uğurla icra olunur. Belə ki, 2018-ci ilin yaz əkini dövründə rayon ərazisində 120 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş payız mövsümündə də davam etdiriləcək. Payız aylarında rayonda 700 hektaradək sahədə yeni bağların salınması nəzərdə tutulur.
Ümumiyyətlə, son 3 ildə rayon ərazisində 1338 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud bağların ümumi sahəsi 6 min 244 hektara çatdırılıb. Bu bağların 4 min 445 hektarı barverəndir.