ERA Azərbaycanın kredit reytinqini “ВВ+” səviyyəsində təsdiq edib
Avropa Reytinq Agentliyi (ERA) Azərbaycanın kredit reytinqini “ВВ+” səviyyəsində təsdiq edib, proqnoz “stabil”dir. Bu barədə agentliyin hesabatında deyilir.
Agentliyin qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda ÜDM 1,5%, 2019-cu ildə 2,1% artacaq. Bununla belə, nominal ÜDM müvafiq olaraq $44,1 mlrd. və $47,441 mlrd. səviyyəsində proqnozlaşdırılır. Bu proqnozlar 2018-2020-ci illərdə neftin 1 barelinin orta qiyməti 60-70 dollardan hesablanmaqla hazırlanıb.
2018-2019-cu illərdə ölkədə orta illik inflyasiya müvafiq olaraq 5,9% və 5,7%, tədiyə balansının cari əməliyyatlar profisiti ÜDM-nin 5,7%-i və 5,4%-i səviyyəsində olacaq.
Agentliyin analitikləri hesab edirlər ki, qeyri-neft sektorunda artım, inflyasiyanın azalması, milli valyutanın məzənnəsinin sabitləşməsi Azərbaycan iqtisadiyyatının bərpasına müsbət təsir göstərir.
Bundan başqa, neftin qiyməti ilə bağlı əlverişli şərait də iqtisadi artıma müsbət təsir edir ki, bu da Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxarır. ERA-nın proqnozlarına görə, 2018-2019-cu illərdə Azərbaycanda ildə 39,8-40 mln. ton neft hasil olunacaq.
Agentlik ölkənin bank sektorunda vəziyyətin yaxşılaşması üçün potensialın mövcud olduğunu qeyd edir (2015-ci ildə manatın devalvasiyası və Azərbaycan Beynəlxalq Bankının borcunun yenidən strukturlaşdırılması bank sektoruna mənfi təsir etmişdi). ERA-nın qiymətləndirmələrinə görə, 2019-cu ildə bank sektorunun kapitallaşdırılmasının artması prosesi davam edəcək.
Eyni zamanda, agentliyin analitikləri ÜDM-nin artımını sürətləndirəcək iqtisadi islahatların həyata keçirilməsini vacib hesab edirlər.*