Aqrar

Hökumətin kartof ixracına gömrük rüsumunu dəyişdiriləcəyi bildirilir

İstehsalçıların kartof ixracına əlavə gömrük rüsumu tətbiq edilməsinə etiraz edilməsilə əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarının dəyişdiriləcəyi bildirilir.

"BI"nin əldə etdiyi məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə sahibkarlar, supermarket və bazar rəhbərləri ilə müzakirələr aparılıb. Mənbənin sözlərinə görə, müzakirələrin sonunda müvafiq qərarda istixana kartofunun ixracına istisna müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müraciət edilməsi qərara alınıb.

 

İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, görüşdə sahibkarlara məhsul satışında dəstək tədbirləri müzakirə edilib.

Qeyd edək ki, əlavə ixrac gömrük rüsumları kartof ixracını bahalaşdırır. Şəmkirli sahibkarlar istixanlarda yetişdirdikləri kartofun 1 kiloqramını 1,80 manatdan Rusiya bazarına göndərirdilər. 1 kq kartofun ixracına 1 dollar rüsumun tətbiq edilməsi bu məhsulun ixracını sərfəsiz edir. Şəmkir kartofunu 1,80 manatdan daxili bazarda da satmaq mümkünsüzdür.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə kartofun ixracına bu ilin 30 aprelinədək 1 dollar, soğan və kələmin ixracına isə 31 may tarixinədək 2 dollar ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin  bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

 

Bu gün Şəmkir rayonunda kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil ediblər. Sakinlər əlavə gömrük rüsumuna etiraz olaraq dəmir yolunu bağlayıblar. Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)