"Bu fərmanla vəkillərə pulların ödənilməsində süründürməçilik halları aradan qaldırılacaq"
"Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı məhkəmə-hüquq sistemində mövcud olan neqativ halların, birinci növbədə korrupsiya hallarının, bürokratik əngəllərin qaldırılması üçün atılmış çox mühüm addım, tarixi əhəmiyyətə malik olan bir sənəddir".
Bunu açıqlamasında Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.
VK-nın sədri hesab edir ki, bu fərmanda göstərilən tapşırıqların icrası nəticəsində ölkədə ən mütərəqqi tələblərə cavab verən, müstəqil, obyektiv, qərəzsiz, şəffaf məhkəmə-hüquq sisteminin fəaliyyəti təmin olunacaq: "Eyni zamanda məhkəmə-hüquq sistemi daha da modernləşdiriləcək, təkmilləşəcək. Mən buna əminəm. Bu fərman əslində bütün mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planını ehtiva edən bir yol xəritəsidir. Görünür ki, fərman hazırlanarkən bütün sahələrdə - məhkəmələrdə, vəkillik sahəsində, ekspertiza sahəsində, məhkəmə qərarlarının icrası sahəsində, hüquqşünasların hazırlanması sahəsində, həmçinin mövcud olan çatışmazlıqlar, neqativ hallar təhlil olunub. Əslində bu fərman çox işlək bir mexanizmin işə düşməsi üçün əsas olacaq".
A.Bağırov qeyd edib ki, fərmanın icrası nəticəsində qısa zaman ərzində ictimai rəydə bu gün mövcud olan və müəyyən dərəcədə ədalət mühakiməsinə olan inamsızlıq, etinasızlıq da aradan qalxacaq: "Həmçinin Femidanın cəmiyyətdə nüfuzu, məhkəmələrin fəaliyyətinin keyfiyyəti daha da artacaq".
O deyib ki, proses iştirakçıları arasında yol verilən qeyri-prosessual münasibətlərlə bağlı mövcud olan hallar aradan qalxacaq: "Prezident İlham Əliyev imzaladığı Fərmanında Vəkillər Kollegiyasına tövsiyə edir ki, bu cür tədbirlər gücləndirilsin. Biz də Vəkillər Kollegiyası olaraq, bu məsələnin əhəmiyyətini tam nəzərə alırıq, indən sonra vəkillərlə hakimlər arasında, vəkillərlə cinayət təqibi orqanların əməkdaşları arasında qeyri-prosessual münasibətlərlə bağlı faktlar daxil olarkən sərt tədbirlər görəcəyik. Həmin vəkil çox ciddi şəkildə cəzalandırılacaq. Həmçinin o cür materialları hüquq-mühafizə orqanlarına göndərəcəyik ki, onlar tərəfindən bu məsələlər araşdırılsın. Bundan sonra biz çox sərt mövqedən çıxış edəcəyik. İnanıram ki, vəkillər də bu fərmanla bağlı işlərində çox ciddi dönüş edəcəklər".
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası üçün çox mühüm əhəmiyyət kəsb edən digər məsələ dövlət hesabına təyin olunan hüquqi yardıma görə ödənilən vəsaitin bilavasitə Vəkillər Kollegiyasına ayrılması barədə fərmanın 13-cü maddəsində göstərilən Nazirlər Kabinetinə tapşırıqdır. Onun fikrində, bu fərmanla vəkillərə pulların ödənilməsində süründürməçilik halları aradan qaldırılacaq: "Bu tapşırığın icrası nəticəsində uzun illər ərzində mövcud olan problemlər aradan qaldırılacaq. Qanuna əsasən, hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ var. Bu hüquq bilavasitə vəkillərin təyinatla çıxdığı işlər üzrə vətəndaşlara dövlət hesabına təqdim edilir. Düzdür, bunun adı dövlət hesabına təyin edilən pulsuz hüquqi yardımdır, ancaq bu o demək deyil ki, bunun vəsaiti ödənilməməlidir, vəkil də həmin pulu almamalıdır. Bu, vətəndaş üçün pulsuzdur. Hazırda isə çox hallarda vəkillər aylarla, illərlə həmin pulları ala bilmirlər. Dövlət hesabına ayrılan pullar yerli icra hakimiyyəti orqanlarına ödənilir. Onlar isə çox təəssüf ki, bəzi hallarda pulları vəkillərə vaxtında ödəmirlər, süründürməçilik yaranır. Yəni, bu məsələdə də korrupsiya üçün müəyyən şərait yaradan hallar var. Hesab edirəm ki, bu tapşırığın icrası vəkillər tərəfindən həmin hüquqi yardımın daha keyfiyyətli, daha səmərəli göstərilməsi üçün zəmin yaradacaq. Eyni zamanda, Vəkillər Kollegiyası olaraq, biz vəkillər tərfindən dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyətinə daha yaxşı nəzarət etmək imkanına malik olacağıq. Həmçinin proqnoz verə və vaxtında vəkillərin hesabına pullarını köçürə biləcəyik. Bir sözlə, bu fərman vəkilliyin maliyyə müstəqilliyi üçün də müstəsna əhəmiyyətə malikdir. Vəkillər Kollegiyası müstəqildir. Nəyə görə vəkilin vəsaiti icra hakimiyyətləri tərfindən verilməlidir? Çox sağ olsun ki, Prezident İlham Əliyev bizim təkilifimizi nəzərə alıb və vəkillərin istəyinə uyğun olaraq, bu sahədə ciddi islahatlara başlanılır. Hesab edirəm ki, vəkilliyin cəmiyyətdə nüfuzunun artırılması və vəkilliyin inkişafı üçün də bu fərman xüsusi təkan verəcək".