Statuslar

"Borclarını ödəyə bilməyənlər müflis elan olunmalıdırlar"

MÜFLİSLƏŞMƏ QANUNU TƏCİLİ TƏKMİLLƏŞDİRİLMƏLİDİR! (dollar kreditləri probleminin həllindən sonra əsas məsələ budur)
Əksər vətəndaşların dollar krediti probleminin həlli birmənalı olaraq ölkə iqtisadiyyatına yeni nəfəs verməkdədir. Lakin bu nəfəs tam deyil. Kredit bazarının daha qlobal problemi var – müflisləşmə institutunun işləməməsi. Buna görə də bu sahədə qanunvericilik təcili yenilənməlidir.

Nə etmək lazımdır?
1. Bütövlükdə “Müflisləşmə və iflas haqqında” Qanun kökündən təkmilləşdirilməli, müflisləşmə proseduru həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə sadələşdirilməli və dəqiq təsbit edilməlidir.


2. Fiziki şəxslərin özünü müflis elan etməsi hüququ qanunda birmənalı tanınmalıdır (əslində, mövcud qanun bu hüququ nəzərdə tutur, sadəcə qanunvericilikdəki bəzi ziddiyyətləri bəhanə edərək məhkəmələr onu tanımır, ötən il Konstitusiya Məhkəməsinə şikayət də etmişəm bu barədə, amma hələ də cavab verməyib). Gəliri yaşayış minimumundan az olan, borclarını tam ödəyə bilməyən hər kəs müraciəti əsasında müflis elan olunmalıdır və onun ödənilməsi mümkün olmayan borcları silinməlidir. İnsan ömrü boyu borca görə təhdid altında yaşamamalı və aktiv iqtisadi fəaliyyətə qorxusuz başlamalıdır.


3. Eyni zamanda müflis olmuş fiziki şəxslərin reyestri ictimaiyyət üçün açıq olmalı, həmin şəxslərə münasibətdə müəyyən müddət ərzində bəzi fəaliyyət növləri və vəzifələrə dair qadağalar nəzərdə tutulmalıdır. Yəni kreditorlar kimin müflis olduğunu bilməli və borc verərkən nəzərə almalıdır.


4. Əmlakı borclarını ödəməyə kifayət etməyən hər bir hüquqi şəxs özünü müflis elan etməlidir. Yəni bu, indiki kimi hüquq deyil, vəzifə olmalıdır. Həmin hüquqi şəxsin kreditorlarının maraqlarının müdafiəsi baxımdan. Hazırda isə hüquqi şəxslər istədikdə belə, məhkəmələr, bir qayda olaraq, onları müflis elan etmir. Hüquqi savadsızlıq hökm sürür: belə bir yanlış təsəvvür var ki, guya müflisləşmə hüquqi şəxsin əmlakını mənimsəmiş şəxslərin məsuliyyətdən yayınmasına səbəb olur.


5. Əslində isə qəsdən və ya saxta müflisləşmə Cinayət Məcəlləsinin 211-212-ci maddələrinə əsasən cinayətdir. Yəni məhkəmə hər bir halda fiziki və ya hüquqi şəxsi müflis hesab etməlidir. Amma müflisləşmə talan, mənimsəmə və yayınma nəticəsində baş veribsə, təbii, günahkarlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məsələn, hazırda bəziləri əmlakı kreditora çatmasın deyə onu guya başqasına bağışlayır və ya fiktiv olaraq “satır”, yaxud da başqa cür özgəninkiləşdirir, bəziləri qəsdən miras əmlakı qəbul etmir və s. və i.a. Bütün bu hallara qarşı kəskin mübarizə aparılmalıdır. Təəssüf ki, hazırda sözügedən cinayətlərə görə maksimal cəza 2 ilədək müddətə azadlıqdan məhrum etmədir. Cəza xeyli sərtləşdirilməlidir!


6. Müflis hüquqi şəxsin (o cümlədən bankların) ləğvi və müflis fiziki şəxsin əmlakının satılması prosesində onun kreditorlarının rolu və səlahiyyətləri genişlənidirilməli və qanunda dəqiq təsbit edilməlidir. Çünki müflis şəxsin əmlakı faktiki olaraq onun kreditorlarına mənsubdur.

 

 

Əkrəm Həsənov
Ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)