"AccessBank" niyə reytinqdən imtina etdi?
"AccessBank"QSC beynəlxalq reytinq agentliyi olan "Fitch" ilə əməkdaşlığı qeyri-müəyyən vaxta qədər dayandırdı. Əlbəttə, eyni tendensiyanı aşağı reytinq alan digər bankların nümunəsində də gördük. Amma Azərbaycanda işləsə də bir Avropa bankı olan "AccessBank"ın reytinqdən imtina etməsi də digər banklar kimi adi qarşılana bilməz.
“Bİ” xəbər verir ki, "Fitch" bir ay əvvəl “AccessBank”ın uzunmüddətli reytinqini B- səviyyəsindən C səviyyəsinə saldığını elan etdi.
Xatırladaq ki, 2017-ci ildə açıqlanan reytinqə görə bankın vəziyyəti “yüksək kredit riski” ilə qiymətləndirilmişdi. Bu ilin avqustunda açıqlanan son reytinqdə isə bu “defolt vəziyyəti və bərpa olunma ehtimalı çox cüzi” səviyyəsinədək endirildi.
Qeyd edək ki, ümumiyyətlə B kateqoriyasına investisiya reytinqi olan banklar düşür. “B-“ səviyyəsi isə bu kateqoriyada sonuncu pillədir və o deməkdir ki, bankın kredit portfeli zəifdir, dayanıqlı hesab olunmur. “AccessBank”ın bu səviyyəyə düşməsində təbii ki, Azərbaycanda ard-arda baş verən devalvasiyalar fonunda problemli kreditlər portfelinin kəskin artması önəmli rol oynadı.
2018-ci il üzrə göstəricilərində “AccessBank” problemli kreditlərinin həcmini açıqlamasa da, pərakəndə bank bazarının aktiv iştirakçısı kimi onun kreditləşmədə yüksək iştirakı danılmazdır. Devalvasiyalar isə əhalinin bu bankdan xüsusən də dollarda aldığı kreditləri qaytarmasına problemlər yaratdı və nəticə bankın vəziyyətinə mənfi təsir göstərdi.
Nəticə isə “C” səviyyəsi reytinqi oldu. Bu o deməkdir ki, bankın kredit portfeli ilə yanaşı kapitallaşmasında da problemlər var. 2018-ci ilin iyul ayı üzrə bankın hesabatına baxsaq, burada bankın məcmu kapitalının 28 milyon 96 min manat olduğunu görərik. Halbuki, prudensial normativlərə görə, bankın məcmu kapitalı 50 milyon manatdan aşağı olmamalıdır. Üstəlik, bankın əvvəlki dövrlərdən bölüşdürülməmiş 94 milyon manatlıq zərəri yığılıb.
Bundan başqa, əsas göstəricilərdən biri olan bankın kapitalının adekvatlıq əmsalı “AccessBank”da normadan aşağıdır. Belə ki, bankın 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı normada 5.00%-dən az olmamalıdır, 2018-ci ilin 6 ayının yekunlarına görə 1.99%-dir. Həmçinin məcmu kapitalın adekvatlıq əmsalı 10% minumumdan az, 4.05% göstərilib.
"AccessBank"ın açıqlamasında deyilir ki, bundan sonra Agentlik banka reytinq verməyəcək. Öz növbəsində bu addım bankın xahişi əsasında atılıb.
Xatırladaq ki, Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankıdır və gözlənilir ki, ilin sonuna qədər avropalı səhmdarlar banka əlavə kapital cəlb edərək, bu vəziyyətdən çıxacaqlar. Təbii ki, bundan sonra bankın yenidən beynəlxalq reytinq alması bərpa olunacaq.
Beləliklə, hazırda 30 bankdan yalnız 3-ü beynəlxalq agentliklərdən kredit reytinqi alır: bunlar Kapital Bank, Paşa Bank və Xalq Bankdır.