Ölkənin quşçuluq fabrikləri ət istehsalında çətinliklərlə qarşılaşıb
Azərbaycanın quşçuluq fabrikləri quş əti istehsalında çətinliklərlə üzləşir.
"Businessinsider.az" xəbər verir ki, bunu "İsmayıllı Quşçuluq" ASC-nin direktoru Zahid Qardaşov deyib.
Onun sözlərinə görə, bu sahənin aktual problemi damazlıq yumurta tədarükündə dövlət nizamlanmasının olmamasıdır:
"Ölkədə fəaliyyət göstərən bir neçə təsərrüfat tərəfindən tədarük olunan damazlıq yumurtalar ikinci nəsil yumurtalardır. Birinci nəsil damazlıq yumurtalar demək olar ki, tədarük olunmur. Hesab edirəm ki, dövlət bu prosesi nəzarət altına almalıdır, çünki nizamlanmanın olmaması bu sahənin inkişafını ləngidir. Hələlik isə bu sahədə hər hansı bir addım atılmır".
Broyler şirkətlərinə tədarük olunan damazlıq yumurtalardan diri quş kütləsinin artımı 1,7 kiloqramdan çox deyil ki, bu da Z.Qardaşovun sözlərinə görə, biznes üçün səmərəli deyil.
O əlavə edib ki, bu səbəbdən quş əti istehsalı ilə məşğul olan müəssisələr çətinliklərlə qarşılaşır və əksər hallarda müflisləşmə ilə üz-üzə qalır.