Repetitorlar üçün pis xəbər - LİSENZİYA ALMALI OLACAQLAR
Təhsil xidməti ilə məşğul olan fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsi çox vacibdir.
"Businessinsider.az" xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva bildirib.
Millət vəkili bu təklifi bir müddət öncə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında da səsləndirdiyini və bunun komitə rəhbərliyi tərəfindən müsbət qarşılandığını da deyib.
O xatırladıb ki, üzvü olduğu komitə tərəfindən təhsil müəssisələrinin akkreditasiyası ilə yeni qanun layihəsinin hazırlanması da nəzərdə tutulur:
“Amma mənim təklifim bir qədər fərqlidir.
Mən çox istərdim ki, Təhsil Nazirliyi təkcə təhsil fəaliyyətini həyata keçirən müəssisələrin akkreditasiya qaydalarını deyil, həm də fiziki şəxslərin- təhsil xidmətlərini həyata keçirən şəxslərlə bağlı akkreditasiya qaydalarını, şərtlərini müəyyən etsin.
Çünki yerlərdə, xüsusilə regionlarda çoxlu məktəbəqədər təhsil, hazırlıq kursları və ona oxşar digər fəaliyyət növləri ilə məşğul olanlar var.
Onların hamısı fiziki şəxs olaraq vergi qeydiyyatından keçirlər. Amma onların lisenziya almaq və akkreditasiyadan keçmək qaydaları müəyyən edilməyib. Təhsil ölkənin milli təhlükəsizliyini təmin edən vacib məsələdir.
Bu baxımdan məsələnin də qanunvericilikdə nəzərə alınmasını istərdim”.
Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, akkreditasiya qaydaları ona görə müəyyən olunur ki, burada keyfiyyət standartı daha çox önə çəkilir:
“Əslində akkreditasiya qaydaları elə hər hansı bir fəaliyyətin keyfiyyət standartlarını müəyyənləşdirən qaydalardır və bu keyfiyyət standartlarını da müəyyən etmək artıq bir filtr rolunu oynayır.
Yəni, yaxşı şəraitdə təhsil verən fiziki şəxslər ki, hazırlıq kursları açıblar, onlar akkreditasiya olunduqdan sonra dövlət tərəfindən qeydiyyata alınacaqlar.
Həmçinin lisenziya almış olacaqlar ki, bu fəaliyyətlə tam, qanuni məşğul ola bilsinlər.
Bu akkreditasiya qaydaları həm də, sadəcə, tədris, təhsil fəaliyyətini əhatə etmir. Digər qaydalar, prosedurlar da var ki, onlara əməl etməlidirlər.
Əməl etməlidirlər ki, akkreditə olunsunlar. Bu zaman təbii ki, akkreditə olunan fiziki şəxslər sonucda yaxşı təhsil verəcəklər.
Yəni, əsas məsələ budur ki, təhsil fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də akkreditə olunsunlar və onlar qanunvericiliklə müəyyən olunmuş qaydalara əsasən keyfiyyətli bir təhsil xidməti göstərsinlər”.