Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb
"Businessinsider.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.
Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.
Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.
Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.
Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.