Qızıl ucuzlaşdı – Bazarlar FED-in qərarını gözləyir (28.07.2026)
Qlobal bazarlarda qızıl qiymətləri ABŞ dollarının möhkəmlənməsi fonunda geriləyib. İnvestorların diqqəti isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə açıqlayacağı faiz qərarına yönəlib.
ENA.az xəbər verir ki, spot qızılın bir unsiyası 0,7% ucuzlaşaraq 4 044,81 ABŞ dollarına enib. ABŞ-da avqust ayı üzrə qızıl fyuçersləri isə 0,8% dəyər itirərək 4 045,40 ABŞ dolları səviyyəsində ticarət olunub.
Dolların son bir ayın ən yüksək səviyyələrinə yaxın möhkəmlənməsi dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha bahalı edib və bu da qiymətlərə təzyiq göstərib.
Tastylive şirkətinin qlobal makro strategiya rəhbəri İlya Spivak bildirib ki, qızıl hazırda 3 950–4 200 ABŞ dolları diapazonunda hərəkət edir və bazar FED-dən gələcək siqnalları gözləyir. Onun sözlərinə görə, növbəti istiqaməti məhz mərkəzi bankın qərarı müəyyən edə bilər.
FED-in iki gün davam edən pul siyasəti iclasının nəticələri çərşənbə günü açıqlanacaq. CME FedWatch alətinin məlumatına görə, bazarlar hazırda faizlərin dəyişdirilməməsi ehtimalını 62%, ən azı 25 baza bəndi artırılması ehtimalını isə 38% səviyyəsində qiymətləndirir. Bir həftə əvvəl bu göstərici cəmi 16% idi. Eyni zamanda, investorlar sentyabr iclasında faiz artımı ehtimalını 81% olaraq qiymətləndirirlər.
ABŞ Prezidenti Donald Tramp isə FED-i faiz dərəcələrini azaltmağa çağıraraq, ABŞ-ın dünyada ən aşağı faiz dərəcəsinə malik ölkələrdən biri olması lazım olduğunu bildirib.

















