BİZNES

Azərbaycan İranla daha 2 zavod tikəcək - ŞİRKƏTLƏR ANLAŞMA İMZALADI

Azərbaycanda minik avtomobilləri üçün ehtiyat hissələrinin və avtobusların istehsalının təşkilini nəzərdə tutan 2 Azərbaycan-İran birgə layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Bu gün Bakıda “Azərmaş” ASC və İranın "Etihad" şirkəti arasında avtomobil ehtiyat hissələrinin istehsalı zavodunun tikintisi haqqında Anlaşma Memorandumu imzalanıb.

“Zavod Neftçala Sənaye Məhəlləsi ərazisində yaradılacaq. Layihəyə 7 mln. manat (4,11 mln.dollar) sərmayə qoyulacaq. Layihədə “Azərmaş”ın payı 50%-dir”, - deyə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov jurnalistlərə bildirib.

O qeyd edib ki, 70 nəfər zavodda daimi işlə təmin olunacaq.

Bundan başqa, “Azərmaş” ASC "Qartal" şirkəti ilə Azərbaycanda avtobus istehsalı zavodunun tikintisi haqqında Anlaşma Memorandumu imzalayıb.

Bu zavod Hacıqabul Sənaye Məhəlləsində tikiləcək və 2020-ci ilin sonunadək istismara verilməsi gözlənilir. “I mərhələdə ildə 500 ədəd avtobusun istehsal edilməsi planlaşdırılır. Layihəyə 11 mln. manat (6,47 mln.dollar) sərmayə qoyulacaq, Layihədə “Azərmaş”ın payı 25%-dir”, - deyə o vurğulayıb.

Sədrin sözlərinə görə, zavodda istehsal olunacaq avtobuslar da qonşu ölkələrə ixrac ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)