Sənaye

Pərviz Şahbazov: "XXI əsr "bağlantılar əsri"nə çevrilib"

Müasir geosiyasi və geoiqtisadi şəraitdə bağlantı məsələsi strateji əhəmiyyət daşıyır və XXI əsr artıq "bağlantılar əsri"nə çevrilib.

 Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə qeyd edib ki, enerji xətləri, nəqliyyat dəhlizləri, fiber-optik kabellər və elektrik bağlantıları qlobal sistemin yeni arteriyalarına çevrilir:

"Bu gün bağlantı yalnız infrastruktur və ticarət deyil, həm də dayanıqlılıq, sabitlik və regional əməkdaşlıq deməkdir. Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın əsas bağlantı və əməkdaşlıq mərkəzlərindən birinə çevrilir. Bu proses Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, yaşıl inkişaf, regional inteqrasiya və sülh quruculuğunu birləşdirən strateji siyasəti nəticəsində mümkün olub. Azərbaycan "təmiz ətraf mühit və yaşıl artım"ı sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri elan edib və enerji siyasətini urbanizasiya və regional inteqrasiya ilə uyğun şəkildə həyata keçirir. Elektrik nəqliyyatı, məlumat mərkəzləri, süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı şəhərlərdə enerji tələbatını sürətlə artırır".

P. Şahbazov vurğulayıb ki, hazırda Azərbaycanda təxminən 8 giqavat həcmində bərpa olunan enerji gücünün yaradılmasına yönəlmiş layihələr icra olunur: "Bu gücün təxminən 2 giqavatı gələn il milli enerji sisteminə inteqrasiya ediləcək. Bu layihələr yalnız enerji istehsalının artırılması deyil, həm də yeni sənaye transformasiyası və illik 2,4 milyon ton emissiyanın azaldılması deməkdir".

Energetika naziri əlavə edib ki, Azərbaycan enerji səmərəliliyi sahəsində də institusional mexanizmlər formalaşdırıb və bu istiqamət müasir şəhər idarəçiliyinin əsas prinsiplərindən biri hesab olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)