Gürcüstana minik avtomobillərinin idxalına əlavə rüsumlar Azərbaycan bazarına necə təsir edəcək?
Gürcüstan hökuməti ilkin olaraq 1 aprel 2026-cı il tarixindən etibarən 6 yaşdan yuxarı minik avtomobillərinin ölkəyə idxalını tamamilə qadağan etməyi planlaşdırırdı. Lakin geniş ictimai müzakirələr və idxalçıların sektorun yarıya qədər daralacağı ilə bağlı xəbərdarlıqlarından sonra hökumət bu qərardan imtina edərək, daha yumşaq, lakin əhəmiyyətli bir tənzimləməyə getdi. Hökumətin yeni qərarına görə, istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalına icazə veriləcək. Bunun əvəzində idxal rüsumu kəskin artırılacaq.
Hansı minik avtomobilləri və nə qədər bahalaşa bilər?
Mövcud rüsum (mühərrik həcminin hər 1 sm³ üçün 0,8 laridən) yeni tarif olan 4,5 lari/sm-ə qaldırılacaq. Bu dəyişiklik, mühərrik həcmi böyük olan (məsələn, 3000 sm³) avtomobillərin idxal xərcini təxminən 5,6 dəfə artıracaq.
Baş nazir İrakli Kobaxidzenin açıqlamasına görə, bu addımın əsas məqsədləri, ekoloji vəziyyətin yaxşılaşdırılması, ökədə qeydiyyatdan keçmiş avtomobil sayının 2012-ci ildəki 864 min-dən 2 milyonu keçməsi fonunda, köhnə və daha çox çirkləndirici avtomobillərin sayını azaldılmasıdır.
Qeyd edək ki, minik avtomobillərinin ticarəti Gürcüstanın xarici ticarət strukturunda birinci yerdədir. 2025-ci ildə $3,87 milyard (ümumi idxalın 20,9%-i) dəyərində minik avtomobili idxal olunub. Minik avtomobilləri əsasən ABŞ, Yaponiya, Almaniyadan idxal olunur. 2025-ci ildə $2,8 milyard (ümumi ixracın 38%-dən çoxu) dəyərində minik avtomobili ixrac olunub. Əsasən Qırğızıstan, Qazaxıstan və Azərbaycana ixrac olunur. Ölkə, xüsusilə ABŞ, Avropa və Asiyadan gətirdiyi təxminən 6-10 yaş aralığındakı minik avtomobillərini Qafqaz, Mərkəzi Asiya və digər qonşu bazar ölkələrinə ixrac edir. Azərbaycan Gürcüstandan avtomobil re-ixracında ilk üç ölkə arasında yer alır. Bu səbəbdən, Gürcüstanda idxal qaydalarının dəyişməsi Azərbaycan avtomobil bazarına birbaşa və dolaylı yollarla təsir göstərəcək.
İstsimar müddəti 6 ildən çox olan...
Gürcüstanda rüsumların kəskin artması, 6 yaşdan yuxarı avtomobillərin Gürcüstana daxil olma maya dəyərini əhəmiyyətli dərəcədə yüksəldəcək. Bu avtomobillərin böyük qismi daha sonra Azərbaycana ixrac edildiyi üçün, Gürcüstan bazarında bu avtomobillərin alış qiyməti artacaq. Artan alış qiyməti, Azərbaycana ixrac zamanı son istifadəçi üçün satış qiymətinə birbaşa əlavə olunacaq. Nəticədə, Azərbaycanda idxal edilən (xüsusilə istsimar müddəti 6 ildən çox olan) avtomobillərin qiymətlərində nəzərəçarpacaq artım gözlənilir.
Gürcüstanda yaranan əlavə rüsum xərci, bəzi Azərbaycan idxalçılarını birbaşa mənbə ölkələrə (ABŞ, Avropa, Yaponiya) yönəlməyə təşviq edə bilər. Lakin bu, daha mürəkkəb logistika, gömrük prosedurları və maliyyə təşkili tələb edir. Qısa və orta müddətdə Gürcüstanın tranzit üstünlüyünü qoruyub saxlayacağı, lakin maya dəyərinin artacağı gözlənilir.
Yeni rüsum xüsusilə mühərrik həcmi böyük olan avtomobillərə (məsələn, 3.0 və daha yuxarı) daha ağır zərbə vuracaq. Azərbaycan bazarında bu cür avtomobillərə olan tələbat nəzərə alındıqda, bu seqmentdə ya qiymət artımı daha kəskin olacaq, ya da təklif azalacaq. Əksinə, kiçik mühərrik həcminə malik (1.6 sm³-ə qədər) avtomobillərə təsir nisbətən az olacaq və bazar bu seqmentə doğru təkan ala bilər.
Gürcüstanda mövcud ehtiyatların satılması ilə qiymətlərdə ani sıçrayış baş verməsə də, yeni idxal olunan partiyalar maya dəyərinin artması səbəbindən Azərbaycana orta hesabla 15-25% daha baha gələcək. Bu, Azərbaycanda avtomobil bazarında qiymət artımına səbəb olacaq.

















