Sənaye

ABŞ Hindistana 30 günlük icazə verdi: "Rusiya neft ala bilərsən"

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, qlobal neft təchizatının davam etməsini təmin etmək məqsədilə Hindistan neft emalı zavodlarına Rusiya nefti almağa icazə verən 30 günlük müvəqqəti güzəşt tətbiq olunub.

Bessent bu barədə ABŞ mərkəzli X sosial media platformasındakı hesabında paylaşım edib.

O vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın enerji gündəliyi ölkədə neft və təbii qaz hasilatının indiyədək qeydə alınan ən yüksək səviyyələrə çatması ilə nəticələnib. Bessent qeyd edib:
 

“Qlobal bazara neft axınının davam etməsini təmin etmək məqsədilə Maliyyə Nazirliyi Hindistan neft emalı zavodlarının Rusiya nefti almasına icazə verən 30 günlük müvəqqəti güzəşt tətbiq edir.”

Nazir bildirib ki, qəsdən qısamüddətli nəzərdə tutulan bu tədbir yalnız hazırda dənizdə qalmış nefti əhatə edən əməliyyatlara icazə verdiyindən Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası gətirməyəcək.

Bessent həmçinin Hindistanın ABŞ-ın mühüm tərəfdaşlarından biri olduğunu qeyd edərək əlavə edib:
 

“Yeni Dehlinin ABŞ-dan neft alışlarını artıracağını gözləyirik. Bu müvəqqəti tədbir İranın qlobal enerji bazarını girov götürmək cəhdinin yaratdığı təzyiqi azaltmağa kömək edəcək.”

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hücumları və İranın cavab addımlarından sonra qlobal ticarət üçün mühüm marşrut sayılan Hörmüz boğazında hərəkət demək olar ki, dayanmış, neft qiymətləri isə yüksəlmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)