Avtomobil

Trumpın tarif siyasətinə qarşı yeni hüquqi addım: BYD də iddia qaldırdı

Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan Çin şirkəti BYD, ABŞ Prezidenti Donald Trumpın tətbiq etdiyi ticarət tariflərinə qarşı başlayan hüquqi şikayətlər dalğasına qoşuldu. Şirkətə aid Amerika bölmələri ABŞ-ın tarif siyasətinə qarşı U.S. Court of International Trade məhkəməsində rəsmi iddia qaldırıb və ödədiyi gömrük vergilərinin geri ödənilməsini tələb edib.

BYD-nin şikayət ərizəsində bildirilir ki, Trump administrasiyasının tarifləri əsaslandırmaq üçün istifadə etdiyi icra qərarlarının hüquqi əsası yoxdur və buna görə də tariflərin toplanması qanunsuzdur. Şirkət 26 yanvar 2026-cı il tarixində məhkəməyə müraciət edib və özü tərəfindən ödənilmiş bütün gömrük vergilərinin geri qaytarılmasını tələb edib.

Təmsilçilər iddiada qeyd ediblər ki, məhkəmə qərarı çıxana qədər geri ödəniş ala bilməyəcəklərini nəzərə alaraq müstəqil hüquqi addım atıblar. Hazırda ABŞ Ali Məhkəməsi də Trump-ın tariflərinin qanuniliyi barədə ayrıca bir işi nəzərdən keçirir.

BYD ABŞ bazarında minik avtomobilləri satmasa da, şirkətin elektrik avtobusları, kommersiya nəqliyyat vasitələri, enerji sistemləri və batareyalar kimi məhsulları ölkədə fəaliyyət göstərir. Şirkətin şimal-amerika bölməsi Kaliforniyada yerləşən zavodunda təxminən 750 əməkdaş çalışır.

Ötən aylarda minlərlə beynəlxalq şirkət də oxşar şəkildə Trump administrasiyasının tarif siyasətinə qarşı məhkəməyə müraciət ediblər. Bu iddialar, xüsusən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) çərçivəsində tətbiq olunan tariflərin hüquqi əsasına meydan oxuyur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)