Azərbaycanda unikal bank əmanətçilərinin sayı 200 minə yaxınlaşıb
2025-ci ilin yekununda Azərbaycanda unikal bank əmanətçilərinin sayı təxminən 194 min nəfər olub ki, bu da, 2024-cü ilin sonu ilə müqayisədə 81,3 % çoxdur.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, son iki ildə unikal əmanətçilərin sayında müşahidə olunan kəskin artım bank sektoruna inamın gücləndiyini göstərir. "2024-cü ilin sonunda unikal əmanətçilərin sayı 106 min idisə, 2025-ci ilin sonunda bu rəqəm 190 mindən çox olub. Artım 81,3 % təşkil edir ki, bu da çox ciddi göstəricidir. Əslində, 30 il ərzində cəmi 100 min əmanətçimiz var idi, son iki ildə isə bu rəqəm demək olar ki, iki dəfə artıb. Əminliklə demək olar ki, yeni monetar siyasət nəticəsində əmanətlərin cəlbində ədalətlilik prinsipi formalaşıb və bu prosesin davam edəcəyini gözləyirik", - deyə AMB sədri vurğulayıb.
T.Kazımov qeyd edib ki, 2022-2023-cü illərdə bəzi banklarda manatla depozit faizləri illik 6 % olduğu halda, digərlərində 10 %-ə çatırdı: "Bu fərq sektorda likvidliyin təmərgüzləşməsi ilə bağlı idi. Likvidliyin daha çox cəmləşdiyi sistem əhəmiyyətli banklar depozit cəlbində o qədər də aktiv olmadıqları üçün daha aşağı faizlər təklif edirdilər".
AMB-nin sədri statistikaya nəzər salaraq, bildirib ki, 2023-cü ilin sonundan etibarən sistem əhəmiyyətli bankların depozit faizləri artmağa və ədalətlilik prinsipi əsasında formalaşmağa başlayıb: "Əvvəllər müddətli əmanətlərə maraq göstərməyən bu banklar həmin seqmentdə aktivləşdi. Nəticədə müddətli depozitlərin həcmi 2024-cü ildə 1,8 milyard manat, 2025-ci ildə isə 2,3 milyard manat artdı. Bu, birbaşa olaraq tənzimləyicinin maliyyə bazarının dayanıqlığını təmin etmək məqsədilə həyata keçirdiyi yeni monetar siyasətin, o cümlədən likvidliyin örtülməsi əmsalının (Liquidity Coverage Ratio - LCR) tətbiqinin nəticəsidir".
T.Kazımov əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu yanaşma AMB-nin təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanıb.
"Məqsədimiz şəffaf və hamı üçün başa düşülən qaydanın formalaşdırılması idi. Çünki əvvəllər sığortalanma faizinin niyə məhz 12 % olduğu sual doğururdu. İndi isə elə mexanizm qurulub ki, faiz dəyişəndə bunun səbəbi də aydın olur", - deyə T.Kazımov qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, gələn il AMB bankların risk profilindən asılı olaraq ƏSF-yə ödənişlərin diferensiallaşdırılması ilə bağlı müzakirələrə yenidən başlayacaq. "Bu məsələlər həm AMB daxilində, həm də Fondla müzakirə olunur. Bu ildən risk əsaslı tənzimləməyə keçirik və bu yanaşma bütün bankları əhatə edəcək. Paralel olaraq, ƏSF ilə risk əsaslı təqvim haqlarının formalaşdırılması üzərində də işləyirik. Lakin hələlik bu mexanizmin tətbiqi ilə bağlı konkret vaxt müəyyən edilməyib", - deyə T.Kazımov bildirib.
















