Kapital Bank-ın kapital adekvatlığı nə deyir? - TƏHLİL
Bank sektorunda etibarlılığın və risklərə davamlılığın əsas göstəricilərindən biri kapital adekvatlığıdır. "Kapital Bank"ın 2025-ci ilin yekunu ilə bağlı açıqladığı son göstəricilər bankın maliyyə sağlamlığı və potensial risklərə qarşı mövqeyi barədə mühüm siqnallar verir. ENA.az olaraq əsas məqamları oxucularımızın diqqətinə çatdırırıq.
Kapital bazası: dayanıqlığın əsası
Hesabata əsasən, Kapital Bank-ın I dərəcəli kapitalı 804,2 milyon manat təşkil edir. Bu göstərici bankın əsas, ən keyfiyyətli kapitalını ifadə edir və mümkün zərərlərin ilk qarşılandığı maliyyə “təhlükəsizlik yastığı” sayılır.
Bununla yanaşı, II dərəcəli kapital 554,5 milyon manat səviyyəsindədir. Nəticədə, bankın məcmu kapitalı 1,15 milyard manatı ötür. Bu rəqəmlər Kapital Bank-ın balansında risklərə qarşı kifayət qədər kapital ehtiyatı saxladığını göstərir.
Risklər fonunda kapital yetərlidirmi?
Bankın risklə çəkilmiş aktivləri 8,16 milyard manat həcmindədir. Məhz bu göstəriciyə nisbətdə hesablanan kapital adekvatlıq əmsalları bankın real risk yükünü nə dərəcədə qarşılaya bildiyini ortaya qoyur:
I dərəcəli kapitalın adekvatlıq əmsalı – 9,86%
Məcmu kapitalın adekvatlıq əmsalı – 14,14%
Müqayisə üçün qeyd edək ki, mövcud normativ tələblərə əsasən, sistem əhəmiyyətli banlar üçün I dərəcəli kapital üzrə minimum hədd 6,5%, məcmu kapital üzrə isə 12,5% təşkil edir. Kapital Bank hər iki göstərici üzrə normativləri üstələyir.
Leverec əmsalı: balansın sağlamlığı
Hesabatda diqqət çəkən digər mühüm göstərici leverec əmsalıdır. Kapital Bank-da bu göstərici 6,62% səviyyəsindədir. Minimum tələbin 5% olduğu nəzərə alınsa, bankın aktivlərinin kapital ilə təmin olunma səviyyəsinin sağlam olduğu görünür. Bu isə balansın həddindən artıq riskli şəkildə “şişirdilmədiyini” göstərən vacib siqnaldır.
Balans hesabatı 2025: aktivlər nisbətən stabildir, depozitlər bir qədər aşağı düşüb
Kapital Bank-ın ilin sonuna, yəni 31 dekabr 2025-ə olan balans hesabatı bankın maliyyə vəziyyətinə dair mühüm göstəriciləri açıq şəkildə ortaya qoyur. Rəqəmlər göstərir ki, bank dinamik şəkildə böyüməyə davam edir, lakin bəzi istiqamətlərdə dəyişikliklər də var.
Bankın ümumi aktivləri 11 320,9 milyon manat səviyyəsindədir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə çox yüngül azalma göstərir (11 372,3 milyon manat) – yəni əsas aktivlərin səviyyəsində ciddi dalğalanma yoxdur.
Aktivlərin tərkibində nağd pul vəsaitləri, habelə investisiya qiymətli kağızları yüksək səviyyədə qalır. Müştərilərə verilən kreditlər 5 419,9 milyon manat təşkil edib və bu portfel bankın kreditləşmə fəaliyyətinin ən böyük hissəsini təşkil edir. Xüsusilə istehlak kreditləri və biznes kreditləri aktivdir. Bank 3 milyard 136 milyon manatlıq istehlak krediti portfeli ilə liderdir və kreditlərin 97 faizi heç bir təminatı olmayan kreditlərdir. Biznes kreditləri isə 1 milyard 693 milyon manat təşkil edir və 43 faizi təminatsız verilən borclardır.
Depozitlərdə dəyişiklik: fiziki və hüquqi şəxslər
Bankın ümumi öhdəlikləri 10 142,6 milyon manat səviyyəsindədir. Bunun ən böyük hissəsini – 8 288,7 milyon manatını depozitlər təşkil edir.
Bu göstəricidə cari vəziyyətdə maraqlı məqam odur ki, fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 543 milyon manat artıb. Hüquqi şəxslərin depozitləri üzrə portfel isə 1 milyard 233 milyon manat kiçilib.
Balans hesabatı Kapital Bank-ın kapital bazasının da güclü olduğunu göstərir. Ümumi kapital 1 178,3 milyon manat olub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz artım deməkdir. Artım əsasən bölüşdürülməmiş mənfəətin 599 milyon manatdan 820 milyon manata yüksəlməsi ilə bağlıdır. Bu onu göstərir ki, bank il ərzində həm gəlir əldə edib, həm də mənfəətini kapitalda saxlayıb, bu da gələcəkdə böyümə və risklərin idarə olunması üçün "əlavə tampon" yaradır.
Gəlirlərdə və mənfəətdə rekord qırdı: son 3 ilin ən yüksək artımı
31 dekabr 2025-ci il tarixinə aid maliyyə hesabatına əsasən, Kapital Bank-ın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb. Qeyd edək ki, ötən il bankın cəmi gəlirləri 1 milyard 474 milyon 908 min manat təşkil etmişdi.
Açıqlanan rəqəmlər göstərir ki, Kapital Bank son üç ilin ən yüksək gəlir artım tempinə nail olub. Məcmu gəlirlərin artımı həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə əlaqədardır.
Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artaraq 1 milyard 180 milyon 81 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat olub. Eyni zamanda qeyri-faiz gəlirləri də artım nümayiş etdirib, 2024-cü ildə 624 milyon 651 min manat olan bu göstərici 2025-ci ildə 12,3% artaraq 701 milyon 592 min manata çatıb.
Maliyyə nəticələri bankın mənfəət göstəricilərində də öz əksini tapıb. Kapital Bank 2025-ci ildə 315 milyon manat xalis mənfəət əldə etməklə son üç ilin ən yüksək nəticəsini qeydə alıb. Bu, bankın 2024-cü ildə qazandığı 186 milyon 501 min manatlıq xalis mənfəətlə müqayisədə 68,9% artım deməkdir.


















