Elm və Texnologiya

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

"Rayon mərkəzlərində və kəndlərdə keyfiyyətli internet təminatını, fiber optik internet infrastrukurunu kim gerçəkləşdirməlidir ? Son statistikalara baxanda görmək olar ki, Azərbaycanda orta internet sürəti nəinki dünyanın orta statistik göstəricilərindən, həmçinin də qonşu ölkələrdəki mövcud rəqəmlərdən aşağıdır. Pis olan isə odur ki orta sürətlə bağlı rəqəmlər son illərdə pisliyə doğru dəyişib."

Bu sözləri açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert mövcud vəziyyətin səbəblərinə də aydınlıq gətirib:

"Səbəb odur ki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aydın bir plan yoxdur ki, ölkə boyu genişzolaqlı internet infrastrukuru konkret illər üzrə necə inkişaf etməlidir ? İnvestisiyanı kim qoymalıdır ?  Özəl və dövlət provayderləri yalnız rayon mərkəzlərində primitiv bir ADSL infrastruktur qurublar və onunla da kifayətləniblər.  Heç kim kəndlərə getmək, müasir texnologiyalarla normal inrfastruktur qurmaq istəmir. Desəm ki NRYTN heç nə etmir, doğru olmazdı. Mövcud kabel-kanal sistemi qaydaya salınsa da əslində hələlik özəl provayderlər ora yaxın buraxılmır. NRYTN bir neçə rayonda və Bakı ətraında geniş zolaqlı internetin inkişafı ilə bağlı müəyyən işlər aparılır və bəzi layihələr də təsdiqlənib. Bəs ölkənin qalan 5 min kəndi necə olacaq ? Əhalinin yarısından çoxu kəndlərdə yaşayır, onlara nə zaman keyfiyyətli internet çatacaq ?"

Osman Gündüz  bir neçə il öncəki “Hər evə optika” adlanan 0.5 milyard manatlıq bir layihəni də xatırlatdı:

"Müəyyən obyektiv və subyekiv səbəblərdən hökumət bu pulu o zamankı RYTN rəhbərliyinə verməkdən imtina etdi. Əslində yetərincə şəffaf olmayan, korrupsiya ehtimalı yüksək olan bir layihəyə belə bir vəsaitin verilməməsi doğru addım idi. 
Amma problem də həll olunmamış qaldı. Nəticə həm də ondan ibarət oldu ki, ölkədə internein keyfiyyəti ilə bağlı, evlərə optika ilə bağlı vəziyyət, adam başına düşən orta sürətlə bağlı vəziyyət hədsiz pisləşdi."

Ekspert son olaraq bu sahədə cavadeh qurum olan NRYTN-nin təcili tədbirlər görməli olduğunu vurğuladı:

"Fikrimcə, AzTelekom və Baktelecom –un mövcud resurslarına arxalansaq bizə Bakı ətrafı və regionlarda keyfiyyətli internet infrastrukturu qurmaq üçün on illər lazım olacaq. Bir aydan sonra NRYTN-nin yeni komandasının fəaliyyətə başlamasının 3 ili tamam olacaq. Bu müddədə müəyyən işlər görülsə də xeyli problemlər həll olunmayıb, fikrimcə görüləcək işlər daha çoxdur.Düşünürəm ki NRYTN ölkə boyu fiber optik internet infrastrukturun qurulması üçün ortaya normal bir plan-layihə qoymalıdır, özəl provayderləri cəlb etməlidir. Planın gerçəkləşməsi üçün ya hökumətdən pul istəməlidir, ya da kreditlər əldə etməlidir .Görünən odur ki, bu gedişlə, necə deyərlər NRYTN-in daxili resursları hesabına keyfiyyətli internetlə bağlı problemi yaxın zamanlarda həll etmək mümkün olmayacaq."



@Xeberler.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)