“Həkimlərə güzəştli ipoteka tətbiq edilsin”
Azərbaycanda müəllimlər güzəştli ipoteka kreditlərindən istifadə etmək imkanına malikdir. Qanunvericiliyə əsasən, məktəbdə 5 il və daha artıq işləmiş müəllimlərin güzəştli ipoteka kreditlərindən istifadə hüquqları var. Eyni zamanda unversitetdə çalışan elmi işçilərin, eləcə də elmlər namizədləri və elmlər doktorlarının güzəştli ipotekadan istifadə imkanları var.
Bunu iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, həkimlər üçün də belə bir imkanın yaradılması məqsədəuyğun olardı: "Səhiyyənin prioritet xidmətlərdən biri olduğunu nəzərə alsaq, həkimlər üçün belə bir imkanın yaradılması məqsədəuyğun olardı. Müəllimlərdə olduğu kimi həkimlər üçün də uyğun meyarların müəyyənləşdirilməsi mümkündür”.
V. Bayramov bildirib ki, bu müddətin həkimlər üçün daha az, yəni 3 il müəyyənləşməsi məqsədəuyğun olardı.
İqtisadçının sözlərinə görə, güzəştli ipotekaya hər il dövlət büdcəsindən vəsait ayrılır. Səhiyyə işçilərinin də bu imkandan yararlanması uyğun olardı və baxımdan da belə bir imkanın qanunvericilyə daxil edilməsinə ehtiyac var.
Qeyd edək Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ən azı 5-7 il müəllim və həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiq edilməsini təklif edib.
©Bakupost