Luvr muzeyindən tarixi daş-qaşlar oğurlanıb. Oğurluq 7 dəqiqə çəkib
Fransanın mədəniyyət naziri Raşida Dati sosial şəbəkədə muzeyin açılışı zamanı oğurluq hadisəsi baş verdiyini açıqlayıb.
Nazir Dati oğurluq zamanı heç kimin xəsarət almadığını qeyd edərək, muzey işçiləri və polislə birlikdə hadisə yerində olduğunu bildirib.
Fransa Daxili İşlər Naziri Loran Nunez France Inter radiosunda çıxış edərək, tac daşlarının nümayiş olunduğu Apollon qalereyasından üç-dörd oğrunun “qiymətsiz” daş-qaş; oğurladığını və soyğunun cəmi yeddi dəqiqə davam etdiyini bildirib.
Fransa mətbuatında yer alan xəbərlərə görə, muzeydən 9 ədəd tarixi zinət əşyası oğurlanıb.
Faktla bağlı araşdırma başlansa da, oğrular hələ də tutulmayıb.
Fransanın “Le Parisien” qəzetində çıxan xəbərdə oğurlanmış daş-qaşlardan birinin muzeyin qarşısında sınmış halda tapıldığı qeyd edilib.
Hesabatda oğruların qaçarkən düşdüyü güman edilən parçanın III Napoleonun həyat yoldaşı İmperator Yevgeninin tacı olduğu bildirilib.
Oğurluqdan sonra muzey nəzarət edilən şəraitdə boşaldılıb və ictimaiyyətə bağlanıb. Turistlər muzeyi əhatə edən təhlükəsizlik kordonunun arxasından şəkil çəkdirə biliblər.
Bu arada ifrat sağçı Milli Ralli (RN) Partiyasının baş katibi Cordan Bardella ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada təhlükəsizlik pozuntusunu tənqid edib.
Bardella, "Luvr mədəniyyətimizin qlobal simvoludur. Oğruların Fransız tacının daş-qaşlarını oğurladıqları bu soyğunçuluq ölkəmiz üçün qəbuledilməz bir alçaqlıqdır" deyib.


















