Qeyri-Bank

Dolların qlobal rezervlərdə payı azalır, amma liderlik hələ də ondadır

Dünyanın əsas ehtiyat (rezerv) valyutası olan ABŞ dollarının qlobal valyuta ehtiyatlarındakı payı siyasətdəki qeyri-müəyyənliklər və ölkələrin ehtiyatlarını şaxələndirmə meyllərinin artması fonunda tədricən azalır.

Beynəlxalq Valyuta Fondunun (BVF) Rəsmi Valyuta Ehtiyatlarının Valyuta Tərkibi (COFER) məlumatlarına əsasən, 2025-ci ilin üçüncü rübünün sonuna qlobal ehtiyatların həcmi 13 trilyon dollara yüksəlib.

Həmin dövrdə dolların qlobal valyuta ehtiyatlarındakı payı 56,92 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin birinci rübündə 58,51 faiz, ikinci rübündə isə 57,08 faiz olub.

Statistika göstərir ki, dolların qlobal ehtiyatlardakı payı uzunmüddətli dövrdə davamlı azalma tendensiyası nümayiş etdirir. Belə ki, 1999-cu ilin əvvəlində bu göstərici 71,19 faiz səviyyəsində idi.

Avro mövqeyini möhkəmləndirir

Qlobal ehtiyatlarda avronun payı ötən il ərzində artım göstərib. Birinci rübdə 19,12 faiz olan göstərici ikinci rübdə 20,24 faiz, üçüncü rübdə isə 20,33 faizə yüksəlib.

Yapon yeninin payı ikinci rübdə bir qədər azalaraq 5,65 faizə düşsə də, üçüncü rübdə 5,82 faizə qalxıb.

Çin yuanının qlobal ehtiyatlardakı payı isə birinci rübdə 1,96 faiz, ikinci rübdə 1,99 faiz olduğu halda, üçüncü rübdə 1,93 faizə geriləyib.

Qlobal ödənişlərdə dolların üstünlüyü davam edir

Dolların rezervlərdəki payının azalması onun qlobal ehtiyat valyutası statusunu qoruyub-qorumayacağı ilə bağlı müzakirələri gücləndirsə də, beynəlxalq maliyyə əməliyyatlarında dolların dominant mövqeyi hələ də dəyişməyib.

ABŞ qlobal ticarətin cəmi 10 faizini həyata keçirsə də, dünya ticarətinin yarıdan çoxu dollarla hesablaşmalar üzərindən aparılır. Enerji ödənişlərinin bir hissəsi digər valyutalara keçsə də, əmtəələrin böyük əksəriyyəti hələ də dollarla qiymətləndirilir.

SWIFT məlumatlarına görə, ötən ilin dekabr ayında dolların qlobal ödənişlərdəki payı 50,49 faiz olub. Eyni dövrdə avronun payı 21,9 faiz, Britaniya funt sterlinqi 6,73 faiz, Kanada dolları 3,44 faiz, Yapon yeni 3,42 faiz, Çin yuanı isə 2,73 faiz təşkil edib.

Azalma etimad itkisi deyil, şaxələndirmədir

Vaxtilə ABŞ Federal Ehtiyat Sistemində (Fed) çalışan American Enterprise Institute-un (AEI) baş iqtisadçısı Steven Kamin bildirib ki, dolların rezervlərdəki payı azalsa da, qlobal maliyyə bazarlarında əsas valyuta olaraq qalmaqda davam edir.

Onun sözlərinə görə, azalma əsasən ehtiyat menecerlərinin şaxələndirmə strategiyaları ilə bağlıdır. Bir çox ölkələr Kanada və Avstraliya dolları kimi qeyri-ənənəvi valyutaları ehtiyat portfellərinə əlavə ediblər. Bundan əlavə, ehtiyatlarını artıran İsveçrə kimi ölkələrdə dolların payının nisbətən aşağı olması da ümumi göstəricini aşağı çəkib.

Kamin, dolların ehtiyatlardakı payının azalmasının qismən onun məzənnə dəyişiklikləri ilə də bağlı ola biləcəyini qeyd edib.

Ekspertin fikrincə, nə avro, nə yuan, nə də digər valyutalar yaxın perspektivdə dolları qlobal lider kimi əvəz edə biləcək. “Gözləntim odur ki, dollar önümüzdəki dövrdə də əsas valyuta olaraq qalacaq, sadəcə bu üstünlüyün miqyası azalacaq. Qlobal maliyyə sistemi daha balanslı və çoxqütblü olacaq, amma dollar hələ də mərkəzi rolunu qoruyacaq”, – deyə Kamin vurğulayıb.

Siyasi qeyri-müəyyənliklər əsas risk faktorudur

Fitch Ratings-in ABŞ üzrə iqtisadi araşdırmalar rəhbəri Olu Sonola da dolların qlobal ehtiyatlardakı payının azalmasının bir neçə amilin birləşməsi ilə izah olunduğunu bildirib.

Sonola xüsusilə siyasi qeyri-müəyyənlikləri əsas faktor kimi qeyd edib. Onun sözlərinə görə, ticarət tarifləri ilə bağlı risklər, Qrenlandiya ətrafındakı müzakirələr, eləcə də Yaponiyanın fiskal problemləri və ABŞ-ın bu proseslərdəki mümkün rolu bazarlarda qeyri-müəyyənlik yaradır.

Ekspert vurğulayıb ki, dolların etibarını itirdiyini demək üçün hələ çox tezdir. Uzunmüddətli – 10 və ya 50 illik perspektivdə dolların nominal dəyəri hələ də tarixi orta səviyyələrə yaxındır. Bununla belə, şaxələndirmə tendensiyası davam edərsə, dolların payında marjinal azalmalar qaçılmaz ola bilər.

Sonola əlavə edib ki, ABŞ-da mövcud olan dərin və likvid səhm, istiqraz və kredit bazarlarına alternativ olmadığı müddətdə dolların qlobal maliyyə sistemindəki mövqeyi ciddi təhlükə altında deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)